Ali Məhkəmədə taksi sürücüsünü qətlə yetirməkdə təqsirləndirilən Tərlan Məmmədov, Azər Mustafayev, Anar Ağabalayev, Rinad İsmayılov, Emin Cəfərzadə və Əyyub Cabbarovun barəsində olan hökmdən yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Korrupsiya.azın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası avqustun 30-na təyin edilib.

Qeyd: Hadisə 2019-cu il iyunun 6-sı saat 18:00 radələrində paytaxtın Qaraçuxur qəsəbəsində baş verib. Belə ki, “Mercedes” markalı avtomobildə 33 yaşlı Əliyev Ədalət Ələkbər oğlunun meyiti tapılıb. İlkin məlumata görə, Ədalət Əliyev baş nahiyəsinə küt alətlə endirilən zərbə nəticəsində ölüb. İyunun 10-da Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşları qətli törətməkdə şübhəli bilinən 37 yaşlı paytaxt sakini Cəfərzadə Emin İldırım oğlu və 36 yaşlı Mustafayev Azər Adil oğlunu saxlayıb. Daha sonra dəstənin digər üzvləri – Tərlan Məmmədov, Anar Ağabalayev, Rinad İsmayılov və Əyyub Cabbarov da tutulub. Məlumata görə, Ədalət Əliyev icarəyə götürdüyü avtomobillə sərnişin daşıyıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tərlan Məmmədov 12 il, Azər Mustafayev 18 il, Anar Ağabalayev 18 il, Rinad İsmayılov 12, Emin Cəfərzadə 19 il və Əyyub Cabbarov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Paylaş