Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Vahid Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Korrupsiya.azın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub, Vahid Quliyevin barəsində həbs qətimkan tədbiri seçilib və o, dərhal məhkəmə iclas zalında həbs edilib.

İttihama görə, hadisə 2022-ci ildə, saat 18:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən yerüstü piyada keçidinin içərisində qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Vahid Quliyev yerüstü piyada keçidinin içərisində olan zaman oradan keçən zərərçəkmiş Alim Həsənovun (şərti) sifət nahiyəsindən 1 dəfə yumruqla vurub. Bu zaman zərərçəkmiş daş döşəməyə yıxılıb. Nəticədə o, Alimin həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib. Vahid Quliyevin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə istintaqında Vahid Quliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, hadisə baş verən gün yerüstü piyada keçidi ilə yolu keçərkən zərərçəkmiş Alim Həsənovla çiyin-çiyinə dəyib. Həmin vaxt Alimin yanında 3 xanım olub. Daha sonra o, zərərçəkmişi vurub.

Paylaş