“Kredit götürən sizin nömrənizi qeyd edib” – Yeni dələduzluq forması ilə bağlı çağırış

Bakıda fəaliyyət göstərən kredit təşkilatının adından vətəndaşlara əsassız zənglər edilməsi narazılığa səbəb olub. Bununla bağlı Oxu.Az-a oxucular məlumat veriblər. Onlar bildiriblər ki, tanımadıqları nömrədən avtomatlaşdırılmış zəng edilir, nömrənin kredit götürən hansısa şəxs tərəfindən əlavə nömrə kimi qeydiyyata alındığı bildirilir. Qarşı tərəfdə danışan avtomatik operator olduğuna görə vətəndaşın sual vermək, zəngin məqsədi ilə maraqlanmaq imkanı olmur.

Əsassız zənglərə görə polisə müraciət edən şəxslər də olub. Məsələ ilə əlaqədar Oxu.Az-a danışan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov vətəndaşlardan daxil olan bu tipli müraciətlərin araşdırıldığını vurğulayıb.

“Vətəndaşlar qeyd edilən məsələ ilə bağlı DİN-ə məlumat verə bilərlər. Daxil olan müraciətlərin bəzilərində müxtəlif adlar altında mobil nömrələrdən vətəndaşlara əsassız zənglər edildiyi, onların nömrələrinin kredit götürən hansısa şəxs tərəfindən əlavə nömrə kimi qeydiyyata salındığı bildirilib. Müraciətlərin hər biri polis əməkdaşları tərəfindən araşdırılıb. Nəticələri barədə müraciət müəlliflərinə məlumatlar verilib.

Qeyd edək ki, DİN dəfələrlə onlayn platformalarda istifadə olunan kiberdələduzluq metodları barədə sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edərək vətəndaşları maksimum diqqətli olmağa çağırıb. Yaranmış fürsətdən istifadə edərək bir daha vətəndaşları internet üzərindən edilən təkliflərlə bağlı diqqətli olmağa çağırırıq”, – deyə DİN rəsmisi əlavə edib.

Paylaş