Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Famil Heydanovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2022-ci il tarixdə, saat 3 radələrində Ağstafa rayon Dağ Kəsəmən kəndində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1985-ci il təvəllüdlü Famil Heydanov həmkəndlisinin həyətində qurulmuş mağarda təşkil edilən, el arasında “ciyar axşamı” adlanan məclisdə iştirak edib. Bu zaman o, həmkəndlisi, zərərçəkmiş Muradov Fuad Alik oğlu ilə torpaq sahəsi ilə bağlı mübahisə edib. Daha sonra Famil istintaqla müəyyən olunmayan şüşə materialdan hazırlanmış araq butulkası ilə onun başına arxa tərəfdən bir dəfə zərbə endirib. Nəticədə butulka zərərçəkmiş şəxsin başına dəyərək qırılıb və Fuad Muradova sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirilib. Ağstafa Rayon Məhkəməsinin hökmü ilə Famil Heydanovun törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsindən həmin Məcəllənin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilib və 3 ay müddətinə azadlıqdan məhrum olunub. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilib və məhkəmə iclas zalından həbs olunub. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxs isə apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının apellyasiya protestini və zərərçəkmiş şəxsin apellyasiya şikayətini təmin edib, Ağstafa Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli hökmü ləğv edib. Məhkum Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib və ona 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Daha sonra Famil Heydanov qərardan kassasiya şikayəti verib.
Qeyd: Özünü “Fədailər hərəkatı”nın rəhbəri kimi təqdim edən Fuad Muradov “Qazaxlı Alik” kimi tanınan Alik Muradovun oğludur.