Ali Məhkəmədə dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmada təqsirləndirilən Z.İsmayılovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Korrupsiya.az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

İttihama görə, Z.İsmayılov 2007-21-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində Təhlükəli yüklərin avtonəqliyyat vasitələri ilə daşınmasına nəzarət müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi vəzifəsində işləyib. O, çalışdığı müddətdə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirib.

Belə ki, təqsirləndirilən şəxs müəyyən növ təhlükəli yüklərin daşınma şərtlərinə cavab verməklə Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə əsasında daşınmaya buraxıldığı və “Dövlət rüsumu haqqında” Qanunun 2-ci maddəsinə əsasən, qeyd olunan Şəhadətnamə üçün dövlət rüsumu nəzərdə tutulmadığı halda, “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə almaq istəmələrinə dair etdikləri müraciətləri ilə əlaqədar ayrı-ayrı şəxslərə müəyyən məbləğdə ödəyəcəkləri pul müqabilində qısa müddətdə qanuni şəhadətnamələrin veriləcəyini yalandan bildirib.

O, 2020-ci ilin noyabr ayından 2022-ci ilin yanvar ayınadək olan müddətdə Fövqəladə Hallar Nazirliyinin Agentliyinin yerləşdiyi inzibati binanın yeddinci mərtəbəsində kompüterdə nəqliyyat vasitəsinə və sürücüsünə dair məlumatları əvvəlcədən əldə edərək kompüterin yaddaşında saxladığı şəhadətnamə blankında qeyd edib tərtib edərək, printer qurğusu vasitəsi ilə çap etdikdən sonra həmin otaqda saxlanılan imza və möhürlə təsdiqlənmiş digər qanuni şəhadətnamələrin surətindən istifadə edib. Daha sonra Z.İsmayılov həmin saxta sənədləri iki sürücüyə pul qarşılığında verərək dələduzluq edib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin (CM) 178.2.2-ci (Dələduzluq) və 178.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilib, cinayət təqibinə həmin hissədə xitam verilib, Z.İsmayılov CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinib, 3 000 manat məbləğində cərimə cəzasına məhkum edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Paylaş