Bakıda dələduzluqda təqsirləndirilən Vasif İsmayılovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 4-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 3 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 1986-cı il təvəllüdlü Vasif İsmayılov 2021-ci ildə paytaxtın Xətai rayonu, Nobel prospekti 108 ünvanında yerləşən şirkətlərdən birinə məxsus 30 000 dəyərində kranı ayda 2 400 manat icarə haqqı verəcəyini vəd verib. O, kranı icarəyə götürmək adı ilə götürərək vədinə əməl etməyib sonradan başqa şəxslərə satıb.

Bundan başqa, Vasif İsmayılov həmin şirkətin 80 000 manat dəyərində olan ekskavatorunu ayda 5 000 manat icarə haqqı verəcəyini vəd verib. O, ekskavatoru icarəyə götürmək adı ilə vədinə əməl etməyib sonradan başqa şəxslərə satıb. Eyni zamanda Vasif İsmayılov zərərçəkmiş Qabil Qabilova (şərti) özünü avtomobil ticarəti ilə məşğul olan şəxs kimi təqdim edib. O, həmin şəxsə məxsus “MMZ-5549” markalı avtomaşını satıb, 15 gün müddətinə nəqliyyat vasitəsinin dəyəri olan 5 500 manat pulu verəcəyini vəd edib. Daha sonra təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etməyib.

Paylaş