Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən Orxan Salamzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 12-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Salamzadə 8 il 6 ay müddətinə azadlıdan məhrum edilib.

Qeyd: Orxan Salamzadə 2019-cu il dekabrın 5-də, saat 20 radələrində sərnişin qismində İlyaz Şirəliyevin taksi fəaliyyəti göstərdiyi “Mercedes” markalı avtomobildə hərəkətdə olan zaman Xətai rayonu, S.Ə.Şirvani küçəsi 5 saylı binanın qarşısındakı yolda bıçaqla qanunsuz olaraq əldə edib, üzərində gəzdirdiyi bıçağı böyür nahiyəsinə dirəyib, onu bıçaqla vuracağını deyib. Orxan Salamzadə hədə-qorxu gəlməklə İlyaz Şirəliyevin 100 manat pulunu ələ keçirib.

İstintaq orqanı tərəfindən Orxan Salamzadənin barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Paylaş