Abşeron Rayon Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən Zamiq Zamanlının (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, hadisə 09 oktyabr 2022-ci il tarixdə, saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Zamiq Zamanlı tanışı, zərərçəkmiş Sahil Əsədova (şərti) məxsus “Toyota” markalı avtomobili yaşadığı yaşayış kompleksinin həyətində görüb. O, zərərçəkmiş şəxsin ona sataşmaq məqsədi ilə onun yaşadığı məhəllədə həmin avtomobili saxladığını düşünüb. Bu zaman Zamiq “Toyota”ya yumruq və təpik zərbələri vurub, həmin avtomobilə zərər yetirərək, zərərçəkmiş şəxsin 5100 manat dəyərində əmlakını qəsdən zədələyib.

Hadisədən sonra Zamiq Zamanlı cinayət məsuliyyətinə cəlb edilib.

Paylaş