Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Fuad Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə ötən il oktyabrın 17-fə Siyəzən rayonunda qeydə alınıb. Belə ki, 1966-cı il təvəllüdlü Fuad Quliyev tanışı, 1973-cü il təvəllüdlü Rövşən Bəybala oğlu İsmayılovu bıçaqlayıb. Daha sonra o, yaralı halda xəstəxanaya yerləşdirilib və zərərçəkmişin həyatını xilas etmək mümkün olub. Fuad Quliyev tutularaq istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə istintaqı zamanı Fuad Quliyev ifadəsində bildirib ki, hadisə günü zərərçəkmiş Rövşən ona zəng edərək borc pul istəyib. O, isə zərərçəkmişi söyüb. Təqsirləndirilən şəxs deyib ki, həmin gün həddindən artıq spirtli içki içibmiş. O, yolda Rövşənlə rastlaşdığını, onu yerə yıxdığını söyləyib. Lakin Rövşəni necə vurduğunu belə xatırlamır. Polis bölməsində olarkən ona zərərçəkmiş şəxsi vurduğunu deyiblər.

Paylaş