İki milyon mənimsəyən “falçı” yenidən məhkəmə qarşısında

Bakıda iki milyon manatlıq dələduzluqda təqsirləndirilən Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 29-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Zeynallı 11 il, Şəfəq İsmiyeva 10 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd: Şəfəq İsmiyeva “Instagram”da səhifə açaraq özünü “Maya” adlı falçı kimi təqdim edərək iki il ərzində zərərçəkmiş Sənan Ağarzayevdən 1 milyon 998 min manat pul alıb. Sonradan dəymiş ziyanın yalnız 293 min manatı geri qaytarılıb.

Şəfəq İsmiyeva cinayəti qeyri-rəsmi birlikdə yaşadığı Ceyhun Zeynallı ilə törədib. O, məbləğin böyük hissəsi Ceyhuna Zeynallıya verilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ceyhun Zeynallı cinayətdə özünü təqsirli bilməyib, Şəfəq İsmiyevanın ona böhtan atdığını deyib.

Xatırlatma: Sənan Ağarzayev Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı Rəna Ağarzayevanın həyat yoldaşıdır. Məhkəmədə dindirilən zaman Şəfəq İsmiyeva bildirib ki, Rəna Ağarzayevadan falçılıq adıyla 1 milyon 400 min manat pul alıb, bunun 800 minini Zeynallıya verib, 600 mini özünə qalıb.

Paylaş