Bakı Apellyasiya Məhkəməsində 3 nəfərin sağlamlığına qəsdən ağır zərər vurmada təqsirləndirilən Ayxan Məmişov, Niyazi Hacıxanov və Əlizamin Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Hacıxanov 7 il 6 ay, A.Məmişov və Ə.Əliyevin hər biri isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunublar.

Qeyd: Hadisə ötən ilin oktyabrında paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Belə ki, təqsirləndirilən şəxslərlə paytaxt sakinləri – İdris Ağabalayev, Yasin Rzayev və Elməddin Sadıqov arasında siqaret üstündə insident baş verib və sonradan bu davaya çevirilib.

Dava zamanı zərərçəkmişlərdən Elməddin Sadıqovun gözünə axır xəsarət yetirilib və o görmə qabiliyyətini itirib.

Faktla bağlı polis A.Məmişov, N.Hacıxanov və Ə.Əliyevi saxlayıb.

N.Hacıxanova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə), A.Məmişov və Ə.Əliyevə qarşı isə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb

Paylaş