Qaxda qəsdən sağlamlığa zərər vurmada və qanunsuz narkotik saxlamada təqsirləndirilən Murad Muxtarlının barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses dekabrın 7-nə təyin edilib.

Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Muxtarlı 3 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsində qərarına əsasən, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməyib, təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin olunub, Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli hökmü qismən ləğv edilib.

Belə ki, Murad Muxtarlı barəsində Cinayət Məcəlləsinin 234.1-ci(narkotik) maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilib. Hökm baxılmış apellyasiya protesti və apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılıb.

İttihama görə, hadisə 19 avqust 2022-ci il tarixdə, saat 20:10 radələrində Qax şəhəri, Azərbaycan prospektində yerləşən zərərçəkmiş Sahib Muxtarovun işlətdiyi kafedə qeydə alınıb.

Belə ki, onun zərərçəkmiş şəxslə aralarında mübahisə yaranıb. Bu zamanı Murad Muxtarlı onu təhqir edib. O isə əsəbləşərək üzərində gəzdirdiyi cib bıçağı ilə Sahibin qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq xəsarət yetirib.

Bundan başqa, 21 avqust 2022-ci il tarixdə Qax şəhəri, İmam Mustafayev küçəsində Murad Muxtarlının özünə məxsus olan qarajda saxladığı “VAZ-2107” markalı avtomobilində axtarış aparılıb. Bu zaman maşının qabaq sağ oturacağının alt hissəsindən bir ədəd şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 1,428 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Paylaş