Ali Məhkəmədə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada təqsirləndirilən Samir Dəmirovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Samir Dəmirov qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutub, eyni zamanda həmin torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törədib.

Belə ki, o, 2022-ci ilin əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu “Beton zavod” adlanan ərazidə, Bakı-Qazax magistral yolunun sol tərəfində, bələdiyyə mülkiyyətində olan 0,05 ha kənd təsərrüfatı təyinatlı örüş-otlaq torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutub və həmin torpaq sahəsi üzərində 60 kv.m ölçüdə, mişar daşından özbaşına tikinti işləri aparmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozub.

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Samir Dəmirov 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Gəncə Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

 

Paylaş