Tikinti layihələri üçün müfəssəl planların məcburi tətbiqi müddəti daha 3 il təxirə salınır.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında gündəliyinə daxil edilən Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən, müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Lakin hal-hazıradək bütün yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissəsinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi başa çatmadığı üçün müfəssəl planın məcburi tətbiqi müddətinin uzadılmasına (müvafiq müddəanın tətbiqinin növbəti dəfə təxirə salınmasına) zərurət yaranıb.

Təklif müddətin 11 ildən 14 ilədək uzadılmasını nəzərdə tutur. Sonuncu dəfə həmin müddət 2021-ci ildə 8 ildən 11 ilədək uzadılıb.

 

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Paylaş