Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə məlumat yayıb.
Baş Prokurorluqdan Pravda.az-a verilən birgə məlumatda bildirilib ki, ayrı-ayrı istehsal müəssisələrinin vəzifəli şəxsləri tərəfindən saxta aksiz markalarının dövriyyəsi və keyfiyyətsiz məhsulların istehsalı ilə bağlı daxil olmuş məlumat əsasında Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən birgə əməliyyat-axtarış tədbirlərı keçirilib.
Əldə olunan sübutlara əsasən “Göygöl Şərab 2”, “Agsu-1”, “Gold Alko” və “Quseynoff vodka” məhdud məsuliyyətli cəmiyyətlərinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2023-cü ilin noyabr-dekabr ayları ərzində yerli alkoqollu içkiləri keyfiyyət standartlarına uyğun olmayan şəkildə istehsal edib satmalarına, həmin məhsulları saxta aksiz markaları ilə markalamalarına və qanunsuz olaraq dövriyyəsini həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.1 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma), 205-1 (saxta aksiz markalarının dövriyyəsi), 213-1 (aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma) və 308.1-ci (vəzifə səlahiyyətlərində sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə Respublikanın ayrı-ayrı regionlarında yerləşən müxtəlif topdan və pərakəndə satış obyektlərində aparılmış axtarışlarla sözügedən müəssisələrə məxsus külli miqdarlarda keyfiyyətsiz spirtli içki məhsulları və saxta aksiz markaları aşkarlanaraq maddi sübut qismində götürülüb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.