Ali Məhkəmədə dələduzluqda ittiham olunan Dadaş Quliyevin (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 4 ay 2 gün müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Dadaş Quliyev tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 3 zərərçəkmişə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsində mühəndis vəzifəsində işlədiyini yalandan bildirib. O, özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edib əlaqələri vasitəsilə həmin şəxslərə məxsus torpaq sahəsini, yeni inşa edilmiş binada mülkü və o cümlədən mağazanı özəlləşdirməklə “Çıxarış” alacağına dair yalandan vəd verib. Bu yolla Dadaş zərərçəkmişlərdən ümumilikdə 67 min manat pulu dələduzluq yolu ilə ələ keçirib.