Bu ildən Azərbaycanda sosial aspektlər nəzərə alınmaqla mühərrikinin iş həcmi 125 kubsantimetrdən çox olmayan motosikletlərinin idxalı 3 il müddətinə aksiz vergisindən azad olunur.
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.
Dəyişikliklərə əsasən, dövlət qeydiyyatına alınmalı olan motosikletlər aksizli mallar siyahısına daxil edilir.
Bununla bağlı, aksiz dərəcəsi Azərbaycana idxal olunan motosikletlər üçün mühərrikin həcmi 125 kubsantimetrədək olduqda onun hər kubsantimetrinə görə 0,20 manat, mühərrikin həcmi 500 kubsantimetrədək olduqda 25 manat+mühərrikin həcminin 126-500 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,40 manat, mühərrikin həcmi 500 kubsantimetrdən çox olduqda 175 manat+mühərrikin həcminin 500 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 0,50 manat olacaq.
Azərbaycanda istehsal olunan motosikletlər üçün aksiz dərəcəsi isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiriləcək. Ölkə daxilində istehsal olunan motosikletlər 0 dərəcə ilə aksizə cəlb ediləcək.