Ağsu Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən X.X.-nin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Anar Əsgərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv olunub.

İttihama görə, X.X. 01 yanvar 2018-ci il tarixdən 13 iyul 2020-ci il tarixədək Ağsu rayon Mənzil İstismar Sahəsində baş mühasib vəzifəsində işləyib. O, inzibati işçilərin və özünün əvəzsiz qazanc əldə etməsi vahid niyyəti ilə Mənzil İstismar Sahəsinin işçilərinin əmək haqqılarının düzgün hesablanması kimi səlahiyyətləri olmasından istifadə edib. Yəni təqsirləndirilən şəxs işçilərə məzuniyyət hesablanarkən gəlir vergisi düzgün tətbiq etməyib Mənzil İstismar Sahəsinin sabiq rəisi, baş mühəndisi, elektrik briqadiri, keçmiş kompüterçi-kargüzarı, fəhlə və digər şəxsin növbəti əmək məzuniyyətindən qayıtdıqdan sonra işə başladığı ay üzrə səhv hesablama aparıb. Belə ki, X.X. bu yolla ümumilikdə 6 nəfər işçilərin “Kapital Bank”ın Ağsu rayon filialında olan hesablarına Mənzil İstismar Sahəsinə məxsus olan, ona etibar edilmiş 4.639,43 manat məbləğində pul vəsaitini köçürülüb, cinayətdən xəbərsiz həmin şəxslər tərəfindən qeyd edilən hesablardan çıxarılıb, şəxsi ehtiyaclarına sərf edib.

Beləliklə, o, öz qulluq mövqeyindən istifadə edərək həmin məbləğdə ona etibar edilmiş pul vəsaitinin vahid niyyətlə 3.595,30 manatını israf etmə və 1.044,13 manatını isə mənimsəmə yolu ilə talayıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxs mənimsəmə əməlini törətməkdə özünü təqsirli bilib, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəyən ziyanı ödədiyini və eyni zamanda, dəymiş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini xahiş edib.

Paylaş