Xəbər verdiyimiz kimi, dekabrın 12-də Gəncə-Samux yolunun Samux rayon ərazisindən keçən hissəsində yanacaq daşıyan maşın aşıb. Hadisə nəticəsində 40 tona yaxın yanacaq yola dağılıb. Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər ciddi etirazla qarşılanıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası tərəfindən dağılan yanacaq yuyularaq yol kənarındakı ağacların dibinə axıdılıb. Müzakirələr zamanı FHN əməkdaşlarının ekologiyaya qarşı məsuliyyətsiz davranmaları kəskin tənqid olunub, həmişəyaşıl ağacların yanacaq maddəsinin təsirindən qısa müddət sonra quruyacağı bildirilib.

 

Bununla bağlı  fikirlərini bölüşən tanınmış alim, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib ki, ümumiyyətlə, dağılan yanacaq hər zaman ətraf mühitə mənfi təsir göstərir:

“FHN-nin nümayəndələri yanacağı ağacların dibinə axıdıblarsa, onları məhkəməyə vermək lazımdır. FHN fəbiətə həddindən artıq böyük ziyan vurur. Deyirlər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin heç nədən başı çıxmır. ETSN FHN-nin atdığı səhv addımları üzünə sayır, özlərinə deyir. Amma FHN bunu qəbul etmir. Bu nə deməkdir? O deməkdir ki, özbaşınalıqdır, kim nə istəyirsə, onu edir. FHN məhkəməyə verilməli, məsələmi məhkəmə həll etməlidir. Nə vaxta qədər onlar yanacaqları ağacların altına tökəcəklər? Ağacların altına yanacaq tökmək ağacı yandırmaq, məhv etmək deməkdir. Buna görə də bütün yanacaq növləri torpağa keçir, torpaq 10 illərlə yanmış vəziyyətdə fəaliyyətsiz qalır, nəticədə yaşıllıqlar məhv olur”.

 

Aytəkin Qardaşova

Paylaş