Tarix üzrə fəlsəfə doktoru, jurnalist Cavid İsmayıl ikinci dəfə suçiçəyinə yoluxub.

Bu barədə jurnalist özü məlumat verib.
O, uşaqlıqda həm suçiçəyinə yoluxduğunu, həm də suçiçəyinə qarşı peyvənd olunduğunu deyib:

“Anam həkim-terapevt idi. Dörd övladının hamısını qızılca və suçiçəyinə qarşı peyvənd etdirmişdi. Üstəlik, dördümüz də uşaq vaxtı hər iki xəstəliyi keçirmişdik.
Qızılca çox yaddaqalan olmasa da, “zelyonka”ya görə suçiçəyi keçirməyimiz daha çox xatirələrdə qalır. Şəxsən mən suçiçəyi olduğum günü kino lenti kimi xatırlayıram. Bacım da həmçinin.

Qızılca və suçiçəyi ilə bağlı ən geniş yayılmış fikir budur ki, hər kəs bu xəstəlikləri yalnız bir dəfə keçirir. Amma iki gündür bacım da, mən də ikinci dəfə suçiçəyi olmuşuq. Sonuncu canlı təmasımız yanvarın 3-də olub. Dünən məni müayinəyə gələn sahə həkimi də dedi ki, artıq neçənci adamsınız, ikinci dəfə qızılca və ya suçiçəyinə yoluxduğunuzu deyirsiniz”.

Jurnalist koronavirus peyvəndlərinin buna səbəb ola biləcəyi fərziyyəsini irəli sürüb:

“Söhbət ikinci yoluxmadan getdiyi üçün həyəcan təbili çalmağa məcburam. Pandemiya vaxtı COVID-19-a yoluxmadım, 3 dəfə peyvənd olundum. Təbii ki, ilk ağıla gələn primitiv versiya budur: COVID vaksinləri bədənimizdə qızılca və suçiçəyi peyvəndlərinin təsirlərini sıfırlayıb. Əziz həkimlər, nə baş verir?”, – deyə o qeyd edib.

Paylaş