Telekommunikasiya avadanlıqlarının istismarı zamanı ekoloji və sanitar-epidemioloji normalara əməl edilməsinə dair məsələlər dövlət qurumları ilə müzakirə edilib.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) “Ölkə.Az”a verilən məlumata görə, Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumunun təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə görüş keçirilib.
Tənzimləyici qurum olaraq İKTA telekommunikasiya sahəsində ekoloji və sanitar-epidemioloji normaların riayət olunmasında maraqlıdır və bu məqsədlə aidiyyəti strukturlarla qarşılıqlı əməkdaşlığa, həmçinin fikir və təcrübə mübadiləsinə daim açıqdır.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.