Məlum olduğu kimi, şimal qonşumuz Rusiyada yaşanan yumurta çatışmazlığı səbəbindən dekabr ayının 19-dan etibarən Azərbaycandan bu ölkəyə yumurta ixracı həyata keçirilir.

Daha əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ötən ilin dekabr ayında Azərbaycandan Rusiyaya 1 milyon 224 min ədəd (72 ton) yumurta ixrac olunduğu barədə məlumat verilib.

Apardığımız hesablama göstərir ki, ötən ilin dekabr ayında Azərbaycandan Rusiyaya ixrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 16,8 qəpik (9,9 sent) olub.

Məlumat üçün onu da bildirək ki, AQTA-nın açıqladığı məlumatda Rusiyaya ixrac olunan yumurtanın “Giləzi Quşçuluq” şirkətinə məxsus olduğu qeyd olunub. Hazırda ölkənin aparıcı supermarketlərinin birində “Giləzi Quşçuluq” şirkətinə məxsus yumurta 17 qəpiyə satılır. Bu isə o deməkdir ki, Rusiyaya ixrac olunan yumurtanın orta gömrük dəyəri (16,8 qəpik) yumurtanın daxili bazardakı qiymətindən (17 qəpik) aşağıdır.

Paylaş