İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2023-cü il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirilib.
Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov KİV nümayəndələrinə Agentliyin idarəçiliyində olan sənaye zonalarında ötən il ərzində görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
S. Adıgözəlovun sözlərinə görə, 2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 12 müəssisə fəaliyyətə başlayıb: “Fəaliyyətə başlayan müəssisələr tərəfindən sənaye zonalarına ümumilikdə 135 milyon manatdan artıq investisiya yatırılıb, 744 daimi iş yeri yaradılıb. Bu müəssisələr polimer qatqıların, keramik plitələrin, qablaşdırma məhsullarının, istilik izolyasiya lövhələrin, nəqliyyat vasitələri üçün əyləc bəndlərin və s. məhsulların istehsalı ilə məşğul olurlar”.
“İndiyədək sənaye zonaları üzrə 142 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,6 milyard manatdan çox investisiya yatırılıb, 10 mindən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 830 milyon manatadək investisiyanın yatırılması, 7000-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur”, – deyə sədr qeyd edib.