Azərbaycanın ən iri inşaat şirkətlərindən olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (ASC) böhranlı vəziyyətlə üzləşib.
Şirkətlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında 14 956 713, 92 manatlıq vergi borcuna görə məhkəmə çəkişməsi bitməmiş ASC kütləvi şəkildə məhkəməyə verilib.
İddiaçılar arasında “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Azəriqaz” İstehsalat Birliyi, “Texnikabank” ASC, “Azturmak” MMC, Dövlət Radiotezliklər İdarəsi, “Zəyəm Texnologiyaları” ASC, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti kimi iri biznes və dövlət qurumlarının adına da rast gəlinir.
Ümumilikdə “Akkord”a qarşı 43 iddia qaldırılıb. Onların arasında şirkətin işçiləri də var. Tələb işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.
Ayrı-ayrı vətəndaşların iddiaları isə borcla bağlıdır. Belə məlum olur ki, şirkətin onlara hansısa formada borcu var. İri şirkətlərin iddia tələbləri də əsasən borcla bağlıdır.
Beləliklə, 14 milyon vergi borcu olan şirkətin əlavə borcları da var. Bu fakt artıq “Akkord”un son akkordlarını vurması ehtimalını artırır. Mümkündür ki, yaxın günlərdə şirkət iflas etdiyi açıqlasın.
Baş verənlərlə bağlı “Akkord”dan mövqe öyrənmək mümkün olmayıb.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 26 dekabr 2006-cı ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 83 259 750 AZN-dir. ASC-nin qanuni təmsilçisi Ayhan Keskinkılıcdır.
“Akkord” uzun illər mediada keçmiş baş prokuror Zakir Qaralovun şirkəti kimi tanınıb. Qaralovun sabiqlərin sırasına qoşulmasından sonra şirkətin fəaliyyətində axsamaların müşahidə edilməsi bu iddiaların əsassız olmadığı qənaətini yaradır.