Prezident İlham Əliyev “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanın mətnini təqdim edirik:
1. 4.1-ci bənddə “normayaratma fəaliyyətinin” sözləri “normativ hüquqi aktların” sözləri ilə, “yüksəldilməsi” sözü “artırılması” sözü ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi” üzrə:
2.1. 1.1-ci bənddə “normayaratma fəaliyyətinin” sözləri “normativ hüquqi aktların” sözləri ilə, “yüksəldilməsi” sözü “artırılması” sözü ilə əvəz edilsin;
2.2. 2.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.1.2. qanunvericiliyin inkişafında və təkmilləşdirilməsində iştirak etmək, o cümlədən hüquqi boşluqların və qanunvericilikdə kolliziyaların aşkar edilməsi və aradan qaldırılması üçün təkliflər vermək;”;
2.3. aşağıdakı məzmunda 2.1.4-1-ci, 3.1.3-1-ci və 3.1.3-2-ci yarımbəndlər əlavə edilsin:
“2.1.4-1. normativ hüquqi aktların keyfiyyətinin artırılmasında iştirak etmək;”;
“3.1.3-1. mövcud normativ hüquqi bazanın monitorinqinin aparılması nəticəsində normayaratma fəaliyyətinin effektivliyinin artırılması istiqamətində təkliflər vermək;
3.1.3-2. normativ hüquqi aktların keyfiyyətinin artırılması ilə bağlı təkliflər vermək;”;
2.4. 2.1.5-ci və 3.1.4-cü yarımbəndlərə “sifarişi əsasında” sözlərindən sonra “, habelə öz təşəbbüsü ilə” sözləri əlavə edilsin;
2.5. 3.1.10-cu yarımbənddə “əsasında” sözü “ilə” sözü ilə əvəz olunsun və həmin yarımbəndə “tətbiqi sahəsində” sözlərindən sonra “müqavilə əsasında” sözləri əlavə edilsin;
2.6. 4.7.4-cü və 4.22.15-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“4.7.4. Mərkəzin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, habelə Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;”;
“4.22.15. bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, Mərkəzin işçilərinin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin, habelə tabeliyindəki digər qurumların və təsərrüfat cəmiyyətlərinin idarəetmə orqanlarının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həmçinin onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Şura ilə razılaşdırmaqla qərarlar qəbul etmək;”;
2.7. 4.7.7-ci yarımbəndə “cəmiyyətlərinin” sözündən sonra “və tabeliyindəki digər qurumların” sözləri əlavə edilsin;
2.8. 5-ci hissənin adında “mənfəəti” sözü “maliyyə fəaliyyətinin əsasları” sözləri ilə əvəz edilsin.