Bu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,1 % artaraq 942,4 manat olub.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bu il fevralın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 725,1 min nəfər olub, onlardan 901,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 823,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,2 %-i təhsil, 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 %-i sənaye, 8,5 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 %-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,3 %-i tikinti, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,7 %-i peşə, elmi və texniki fəaliyyət, 3,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 %-i maliyyə və sığorta fəaliyyəti, 14,6 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.