Günümüzdə marketlər istehlakçılara bir neçə növ və markada duru yağ təklif edirlər. Market rəflərinə baxdığımız zaman növbənöv, müxtəlif çeşiddə yağların olduğunu görürük. Bəs bu çeşidlər arasında ən faydalı, ən keyfiyyətli olanını necə seçmək lazımdır? Gündəlik olaraq istifadə etdiyimiz yağlar həqiqətən keyfiyyətlidirmi? Mətbuat.az mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib.

Qida üzrə ekspert Asim Vəlinin sözlərinə görə, marketlərdən yağ alarkən bilinən markaları və ucuz olmayan yağları seçməliyik:

“Ümumiyyətlə, yağlar insan orqanizminin əsas tikinti daşlarından biridir. Enerji qaynağı olaraq bizi uzun müddət tox tutur, soyuqdan qoruyur, orqanlarımızı və sinir sistemimizi qoruma altına alır. A, E, D və K vitamini kimi yağda əriyən vitaminlərin orqanizm tərəfindən sorula bilməsini də təmin edirlər.

Bu gün market rəflərində çox sayda duru yağın olduğunu müşahidə edirik. Bir istehlakçı olaraq hansı duru yağın daha faydalı olduğunu bilmək vacibdir. Marketlərdə daha çox satılan duru yağlar zeytun, günəbaxan və qarğıdalı yağlarıdır. Duru yağ seçərkən güvəndiyiniz markalara və qiyməti çox aşağı olmayan yağlara müraciət etmək daha doğrudur. Çünki marketlərdə fərqli-fərqli markalarda, müxtəlif qiymətlərə, mənşəyi bilinməyən yağların da satılma ehtimalı var”.

Ekspert bildirib ki, meyvə və toxumlardan yağ əldə etmək üçün üç prosesdən istifadə olunur:

“Bunlar soyuq presləmə, isti presləmə və kimyəvi ekstraksiyadır. Ən çox yağ isti presləmə və kimyəvi ekstraksiyada əldə olunur. Soyuq presdən bunlara nisbətən az yağ əldə edilir və bahalıdır. Soyuq sıxım yağlar soyuq yeməklər, salatlar, souslar üçün uyğundur. Soyuq sıxım yağların sərin, qaranlıq və hava çəkməyən bir qabda saxlanması vacibdir. Çünki işıq, temperatur və oksigen yağın keyfiyyətinin aşağı düşməsinə təsir edir.

Soyuq sıxım yağlar yüksək miqdarda “Omeqa-3” yağ turşuları ilə zəngindir və sağlamlığa çox faydalıdır. Rafinə yağlar isə daha çox qızartma və şirniyyat hazırlanmasında istifadə olunur”.

Mövzu ilə bağlı danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, marketlərdə satılan bitki və heyvan mənşəli yağlar arasında keyfiyyətsiz olanları çoxdur:

“Yağ insan orqanizmi üçün faydalı qidalardandır. Xüsusilə də, mikro və makro elementlərlə zəngin olan yağlar orqanizmə gündəlik lazım olan kalori miqdarının 25-30 faizini təmin edir. Bir qram yağ orqanizmdə 9 kalori olaraq hesablanır. Bu yalnız faydalı yağlar olduqda insana fayda verə bilər. Doymuş yağlar insan orqanizmində xolesterin səviyyəsini qaldırır ki, bu da bir çox xəstəliklərə səbəb olur. Doymuş yağlar əksər hallarda heyvan mənşəli qidalarda olur.

Keyfiyyətsiz yağlar insanda ilk növbədə ürək-damar xəstəliklərinə, eyni zamanda infarkt və erkən ölümə səbəb olur. Ona görə də, keyfiyyətli yağlardan istifadəyə diqqət edilməlidir. Duru yağlardan ən keyfiyyətlisi zeytun yağı hesab edilsə də, bunun da bəzən keyfiyyətsizləri olur.

Günəbaxan və qarğıdalı yağı adı altında satılan yağların əksəriyyəti bir neçə bitkinin qarışığı və yaxud da, orqanizmə zərərli olan palma yağlarıdır ki, bu da insanda müəyyən xəstəliklərə gətirib çıxarır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə düşünür ki, marketlərdə satışda olan yağ markaları arasında istehlakçıları aldadanlar da var, standartlara uyğun olanları da:

“İllər öncə biz bir araşdırma apardıq, məlum oldu ki, Azərbaycandakı distribütoru aldadan Rusiya firmaları var, qarğıdalı yağı adı altında günəbaxan yağı göndərirlər və sair. Yəni belə hallar mövcuddur, bunları Qida Təhlükəsizliyi Agentliyi araşdırmalıdır.

Şirkətlərin belə bir taktikası var, əvvəl keyfiyyətli məhsulla istehlakçını cəlb edirlər, sonra məhsul keyfiyyətsizləşir. Təəssüf ki, keyfiyyətə nəzarət edən yoxdur. AQTA yalnız təhlükəsizliyin təmin edilmə halları ilə maraqlanır, təhlükəsiz ola bilər, amma həm də keyfiyyətsiz ola bilər”.

Paylaş