Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin 980 min manat mənimsəmədə ittiham olunan mühasibi Zərifə Abbasova haqda qiyabi həbs qərarı çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyev belə qərar qəbul edib.
Z.Abbasova həm ibtidai, həm məhkəmə istintaqı dövründə azadlıqda olub. Lakin xanım müttəhim bundan sui-istifadə edib. O, ardıcıl bir neçə məhkəmə prosesinə gəlməyib. Hakim bu səbəbdən xanım müttəhimin həbs edilməsini uyğun hesab edib.
Qərara əsasən, Z.Abbasova həbsli axtarışa verilib. Qərar icra olunana kimi məhkəmə istintaqı dayandırılıb.
Qeyd edək ki, Zərifə Abbasova 2017-2022-ci illər ərzində Nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırmaqda, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əməkhaqqı kartına köçürərək təşkilata məxsus 980 min manatdan artıq pul məmimsəməkdə ittiham edilir.