“Azərbaycanla Qırğız Respublikası arasında son illər əməkdaşlığın, qarşılıqlı münasibətlərin genişlənməsi yüksələn xətt üzrə inkişaf edir. Bu, hər iki dövlətin, xalqın birliyinin, dostluğunun möhkəmlənməsinə yönəldilib Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə səfəri bu baxımdan əhəmiyyətlidir. Səfər zamanı hər iki ölkənin dövlətlərarası Şurasının 2-ci iclasının keçirilməsi, çox mühüm Birgə Bəyannamənin, Anlaşma Memorandumunun, ümumilikdə, 18 sənədin imzalanması bu birliyə və əməkdaşlığa yeni məna verir”.

 

Bu sözləri Korrupsiya.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

“Cənab İlham Əliyev mətbuata verdiyi bəyanatında bu səfərin əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, “Səfər ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcək”. Sözsüz, bu belədir, çünki Azərbaycan və Qırğız xalqlarını tarixi köklər, milli adət-ənənələr, dostluq əlaqələri birləşdirir və bu münasibətlər əsrlər boyu davam etməkdədir. Qırğız Respublikası bütün platformalarda, beynəlxalq tədbirlərdə, ən yüksək səviyyəli görüşlərdə, eləcə də 44 günlük müharibə və 23 saatlı anti-terror tədbirlərində Azərbaycanın haqlı mübarizəsinə dəstək verib və dövlətimizin suverenliyinin tam bərpa olunması mövqeyindən çıxış edib. Bu dəstək iqtisadi-ticari sahədə fəal əməkdaşlığa təkan verib. Səfər zamanı Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə Fondunun dörd dəfə artırılaraq 25 milyon dollardan 100 milyon dollara qədər artırılması və birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizminin daha tez reallaşdırılması üçün yeni vəzifələrin qarşıya qoyulması buna əsas verir. Səfər zamanı səhiyyə, elm-təhsil, energetika, nəqliyyat, miqrasiya, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanması gələcək inkişafa və möhkəm dostluğa hesablanıb. Dövlətimizin rəhbəri bildirdi ki, “İmzalanan sənədlər hələ imza atılan sənədlərin hamısı deyil. Sənədlərin bir hissəsi müvafiq dövlət strukturlarında imzalanır. Beləliklə, biz həmçinin münasibətlərimizin möhkəm qanunvericilik bazasını yaradırıq”. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsinə, Qırğız Respublikası ilə münasibətlərin daha da yaxşılaşdırılmasına verdiyi önəm gələcəyə, xoşbəxt həyata xidmət edən bir siyasətdir və xalqlarımızın birliyinə, suverenliyimizin daimi olmasına yönəldilib”, – deputat deyib.

Paylaş