Bərdədə arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Tural Mustafayevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası mayın 15-nə təyin edilib.

 

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin şikayətini təmin etməyib.

 

Qeyd: 2021-ci il sentyabrın 6-ı saat 15 radələrində Bərdə rayonu Muğanlı kənd sakini 1997-ci il təvəllüdlü Təranə Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib. Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Tural Mustafayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təranə Mustafayevaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Tural Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İttihama görə, Tural Mustafayev arvadını qısqanclıq zəminində qəsdən öldürüb. O, hadisə zamanı Təranəyə 29 bıçaq zərbəsi endirib.

Paylaş