Hindistan qarşıdakı on il ərzində İranla Çabahar limanının idarə edilməsinə dair saziş imzalamaq və onu Azərbaycanın mühüm nəqliyyat qovşağı olduğu Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə əlaqələndirmək niyyətindədir.

Korrupsiya.az Report-a istinadla xəbər verir ki, bu barədə “Ekonomik Tayms” (The Economic Times) qəzeti yazıb.

Nəşrin məlumatına görə, Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval sazişi imzalamaq üçün bazar ertəsi İrana səfər edəcək. Hindistan ilk dəfədir ki, xarici limanın idarəçiliyini öz üzərinə götürür.

Yeni müqavilə 10 il müddətinə qüvvədə olacaq və avtomatik yenilənəcək. Gələcəkdə Hindistanın Çabahar vasitəsilə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinə qoşulması planlaşdırılır.

Bu ticarət marşrutu Hindistan və Fars körfəzi ölkələrindən İran, Azərbaycan və Rusiya əraziləri vasitəsilə, o cümlədən bu üç ölkənin dəmir yollarını birləşdirərək Qərbi və Şimali Avropaya yüklərin daşınması üçün nəzərdə tutulub.

Paylaş