Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Rauf Əhmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib, zərərçəkmiş şəxslərin apellyasiya şikayəti qismən təmin olunub. Gəncə Şəhər Məhkəməsinin çıxardığı 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəza hissəsində dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü (dələduzluq) maddələri ilə 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Rauf Əhmədov barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalından həbs olunub.

 

İttihama görə, Rauf Əhmədov “Qarabağ əlilləri və veteranları” İctimai Birliyinin Gəncə şəhər şöbəsinin sədri vəzifəsində işləyərkən 2021-ci ildə bir neçə Birinci və İkinci Qarabağ müharibəsi iştirakçısına qarşı dələduzluq edib. O, həmin şəxslərin 14500 manat pulunu dələduzluq yolu ilə keçirib.

Paylaş