Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bahar” yaşayış massivinin sakinləri axşam səkkizdən sonra evdən çölə çıxa bilmirlər. Xezerxeber.az-ın məlumatına görə, bunun səbəbi xüsusilə axşam və səhər saatlarında olan dəhşətli qoxudur.

 

Sakinlər üfunətin son günlərdə daha da şiddətli hal aldığını, hətta yayılan pis qoxuya görə, bir neçə nəfərin səhhətinin pisləşdiyini bildiriblər.

 

Məsələ ilə bağlı Bakı Sukanal İdarəsinin rəisi Əlizadə Nəsirovun sözlərinə görə, ərazidə yoxlama aparılıb və müəyyən edilib ki, həmin qoxunun neft boruları, Hövsan aerasiya stansiyası və ya Bakı Sukanal İdarəsinə məxsus kanalizasiya xətləri ilə heç bir əlaqəsi yoxdur.

 

Belə aydın olur ki, qoxunun mənbəyi yenə illərdir həll edilməyən Hövsan açıq kanalıdır. Məsələnin nə vaxt həll ediləcəyinə gəldikdə isə, bir müddət əvvəl “Azərsu” ASC-dən məlumat verilib ki, Abşeron yarımadasının Baş planı olacaq. Həmin plana əsasən, bu açıq kanala tökülən tullantıların da qarşısı alınaraq kanalizasiya kollektorlarına yönləndiriləcək və o ərazilərdə kanalizasiya infrastrukturu yaradılacaq.

 

 

Paylaş