Bakıda həyat yoldaşı və qızını bəçaqlamaqda təqsirıəndirilən Aqil Məmmədovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilməyib, Aqil Məmmədovun Cinayət Məcəlləsinin (CM) 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına və CM-in 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət təqibinə xitam verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin qərarları kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılıb.
İttihama görə, hadisə Sabunçu rayonunun Sabunçu qəsəbəsində baş verib. 1973-cü il təvəllüdlü Aqil Məmmədov 1977-ci il təvəllüdlü həyat yoldaşı Sürəyya Məmmədovaya bıçaqla ağır bədən xəsarəti yetirib.
Ər arvadını bıçaqlayan zaman atası ilə anasının davasının qarşısını almağa çalışan 2003-cü il təvəllüdlü Məmmədova Gülmira Aqil qızı da sol əlindən bıçaqlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov 4 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib, apellyasiya protesti qismən təmin olunub, birinci instansiya məhkəməsinin həmin hökmü dəyişdirilib. Belə ki, hökmdən A.Məmmədovun barəsində CM-in 127.1-ci maddəsi ilə cinayət təqibə xitam verilməsinə dair müddəalar xaric olunmuş, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdı.