Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlib. Əlifbada olan, ancaq orfoepiyamızda mövcud olmayan səslərin işarələrinin mövcudluğu isə müzakirələrə yol açıb, dilimizdə hərf sayının artması kimi başa düşülüb.

Məsələ ilə bağlı Korrupsiya.az-a danışan Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, akademik Nizami Cəfərov deyib ki, bu əlifba türk xalqlarının latın qrafikasına uyğunlaşdırılmasıdır.

“Müstəqil türk dövləti olan xalqların çoxu latın qrafikasına keçib. Amma müəyyən fərqli işarələr var. Əsas məqsəd odur ki, türk dillərində eyni səsi eyni hərf ifadə etsin. Məsələn, “t”, “ş”, “ç” səsinin işarəsi Türkiyə türkcəsi, qazax, yaxud türkmən əlifbasında başqa cür olmasın. Buna nail olduq. Türk dünyasından səlahiyyətli elm adamları artıq 3-cü dəfədir ki, toplaşır. Bu iş türk dövlətləri təşkilatının himayəsi altında keçirilir, müzakirələrə də Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev və Türkiyənin Türk Dil Qurumunun sədri professor Osman Mərd rəhbərlik edir. Digər türk respublikalarından da gələnlər nüfuzlu alimlərdir. Yəni bu, illərdir müzakirə olunduqdan sonra qəbul olunmuş bir əlifba layihəsidir. Bu əlifba bütün müstəqil türk dövlətlərinin dilləri təhlil olunaraq, qəbul edilib”, – akademik vurğulayıb.

Onun sözlərinə görə, əlifba Türk Dövlətləri Təşkilatı Katibliyi tərəfindən bütün müstəqil türk respublikalarına veriləcək:

“Ardınca dövlətlər bu məsələni siyasi baxımdan öz aralarında müzakirə edəcəklər. Yəqin ki, əksər türk dövlətlərində qəbul olunacaq. Qazaxlarda və qırğızlarda hələlik latın əlifbası qəbul olunmayıb. İndi isə hazır və mükəmməl layihənin olması onların işini asanlaşdıracaq. Məsələn, türkmənlərdə, özbəklərdə latın əlifbası qəbul olunsa da, onlarda işarələrin eyniləşdirilməsi məsələsi gündəmdədir. Çünki bütün türk dünyası üçün işarələr eyni olmalıdır. Bunlar razılaşdırılmış məsələlərdir”.

Əlifbadakı bəzi səslərin dilimizdə olmaması məsələsinə də toxunan alim bildirib ki, bu, dilimizdə həmin səslərin qəbul olunacağı anlamına gəlmir:

“Məsələn, bizim “ə” hərfini təklif etdilər ki, “a” hərfinin üzərində 2 nöqtə ilə işarənsin. Sübut edə bildik ki, həmin işarə vaxtı ilə bizdə olub, ancaq cəmiyyət onu qəbul etməyib və bizim əlifbamızda çoxlu ikinöqtəli hərflər peyda olub. İsbatladıq ki, “ə” hərfinin işarəsi kirill qrafikasının qalığı deyil, ondan öncə qəbul olunmuş latın qrafikasında da olub. Avropa əlifbalarında olan “e”nin tərsinə yazılışıdır. “Ə” səsi, demək olar, bütün türk dillərində olsa da, ona uyğun hərf əlifbanı qəbul edənlərdən bircə qazaxlarda var. Əksər türk dillərində çox az işləndiyi üçün hərf ilə ifadə olunmayıb. Bizimlə müqayisədə qazaxlarda da bu hərf çox zəif işlənilir. Hər halda Azərbaycan əlifbasında heç bir hərf dəyişmədi, çünki bizim əlifbamız uzun müzakirələrdən keçib, çox böyük təcrübəsi var. Yeni dövrdə Türkiyə əlifbasından sonra ən çox təcrübə Azərbaycan əlifbasındadır. Ümumiyyətlə, türk dünyasında əlifba tarixində latın qrafikasına ilk olaraq Azərbaycan keçib. Əlifbada göstərilən hərflərin hamısının bütün türk dövlətləri tərəfindən götürülməsi vacib deyil. Hansı xalqda hansı səs varsa, əlifbadan da həmin səsin işarəsini götürəcək. Bu əlifba bir növ baza rolunu oynayır. Hər bir türkdilli xalq həmin bazadan işlətdiyi səsin hərfini götürəcək. Yəni bütün bunlar hamısı kompromislə həll olunmuş məsələlərdir. Proses davam edir. Amma demək olar ki, 90 faizdən çoxu həll olunub”.

Paylaş