Bu gün avtobus və metrolarda nağdsız ödəniş vastəsi kimi “Bakıkart”dan istifadə olunur. İctimai nəqliyyatda yeni ödəniş üsullarının tətbiqi insanların rəqəmsal biliklərinin artmasına imkan verir. Hazırda insanlar “BakıKart”dan savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də ödəniş edirlər. Amma hələ də bu sahədə ciddi çatışmazlıqlar var. Vətəndaşlar bu üsullarla yanaşı, alternativ yol kimi bank kartlarından da istifadə etmək istəyirlər.

 

Bəs metro və avtobuslarda bank kartları ilə ödəniş etmək nə vaxt mümkün olacaq? Mövzu ilə bağlı Sonxeber.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, Azərbaycanda həm metro, həm də avtobuslarda bank kartlarından istifadə ilə bağlı ciddi işlər görülür:

 

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bununla bağlı açıqlama vermişdi. Hazırda belə bir layihə üzərində iş gedir. Hətta “Bakıkart”dan daha üstün funksiyalara malik sistem olmalıdır ki, bank kartları tanına bilsin. Gələcəkdə ictimai nəqliyyatda ödəniş sistemi ilə bağlı fərqli yanaşmalar olacaq. Tələbə, təqaüd , hətta qazilər üçün kartlar hazırlanacaq. Eyni zamanda günlük, həftəlik və aylıq kartların hazırlanması planlaşdırılır. Onlar fərqli qiymətlərdə olacaq. Avtobus və metro üçün illik kart alanda büdcə baxımdan sərfəli olur. Bu gün gediş haqqı 50 qəpikdirsə, həmin kartlarla sərnişinə 40 qəpiyə başa gələcək”.

 

Ekspertin sözlərinə görə, vətəndaşı ictimai nəqliyyata həvəsləndirmək üçün belə kampaniyalar keçirilir, bonuslar verilir. Vətəndaş aylıq və illik ödəniş edib, kart alanda üstünlükləri hiss edəcək:

 

“Gələcəkdə belə bir mexanizm yaradılacaq. Əlbəttə ki, fərqli kartlar da olacaqdır. Bunun həlli üçün avtobusların hamısı kart sistemə keçməlidir. Bu gün Azərbaycanda elə avtobuslar var ki, orada validator quraşdırmaq çətindir. Ödəmə cihazlarını oraya quraşdırmaq mümkün deyil. Vətəndaşlar avtobusun ön qapısından minib, arxa qapısından düşürlər. Sistemi həmin avtobuslara quraşdıranda minmək mümkün olmayacaq. Çünki köhnə avtobuslardır. Həmin avtobuslar istehsal ediləndə nağdsız ödənişə keçid təsəvvürlərində olmayıb. Xırda problemlər mövcuddur. Bu ay yaxud önümüzdəki aylarda həll olunacaq deyə bilmərəm. Amma bu 1-2 il ərzində baş verə bilər”.

 

Qeyd edək ki, Bakı şəhərində 300 avtobus var ki, onlara nağdsız ödəniş terminallarıınn quraşdırılması mümkün deyil. Bundan başqa, 200-ə yaxın avtobusun da nağdsız ödənişə keçirilməsi ilə bağlı işlər görülür.

Paylaş