Binəqədi rayon İcra Hakimiyyətini ailə podratına çevirən başçı yanan bina və MTN işlərindən bəri hakimiyyətin gözündən düşüb və “qələmi qırılıb”

Hakimiyyət Bakının ikinci ən böyük rayonuna həssas yanaşır və dəyişikliyə hazırlaşır; adı Çovdarova qədər hallanmış başçını nazir qohumu da qurtara bilmir…

Binəqədi rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov Prezident Administrasiyasının “qara siyahısı”na düşüb.

PA-nın vəzifədən uzaqlaşdırmağa hazırladığı icra başçılarının siyahısında X.İsgəndərovun da yer aldığı iddia olunur.

Prezidentin gözündən düşüb

Mənbə “Gündəm-Xəbər”ə qeyd edir ki, Binəqədiyə yeni icra hakiminin təyin olunacağı gözlənilir. Onun yanan bina işindən bəri hakimiyyətin gözündən düşməsi istefaya göndərilməsini qətiləşdirib.

Ancaq hələlik icra başçısının “krişa”sı onu mühafizə etməkdədir və X.İsgəndərov yekun nəticəni gözləyir.

Prezident İlham Əliyev çıxışlarında icra başçılarına, dövlət məmurlarına vətəndaşlara xidmət etmələri, problemlərini çözmələri, onları incitməmələri barədə dəfələrlə çağırışlar edib.

Ancaq bəzi məmurlar ölkə başçısının bu tapşırıqlarını qulaqardına vururlar. Aparılan müşahidələr onu göstərir ki, bu tip məmurların axırı heç də yaxşı sonluqla bitmir.

Nə yazıq ki, Xaləddin İsgəndərov da həmin məmurlar sırasındadır. Yəqin ki, o da vaxtını gözləyir. Bildirilir ki, İcra Başçısının özünün birbaşa rəhbərlik etdiyi mütəşəkkil dəstə ev tikmək istəyənləri boğaza yığıb.

Dəstənin sakinlərdən reket yolu ilə pul toplaması haqqında istər yuxarı dairələrə, istərsə də mətbuata edilən şikayətlərin ardı-arası kəsilmir.

Xaləddin İsgəndərovun qanunsuz hərəkətlərindən biri də İcra Hakimiyyətinin 1-ci mərtəbəsində oğlunu – Binəqədi İcra Hakimiyyətinə heç bir dəxli olmayan Elnur İsgəndərovu lüks kabinetlə təchiz etməsi idi.

Binəqədi rayonu bütünlükdə Xaləddin İsgəndərovun oğlu, qardaşı oğlu və bacısı oğlunun qeyri-rəsmi inhisarındadır.

Onların hərəsi bir neçə bələdiyyə və sahə idarələri üzrə nəzarət funksiyasını yerinə yetirirlər. Bütün qara işlər və icazələr onların rəyindən sonra reallaşır.

Bu barədə mətbuatda da dəfələrlə yazılıb. Xaləddin İsgəndərov İcra hakimiyyətini ailə şirkətinə çevirib.

Xaləddin İsgəndərovun həbs edilmiş qardaşı oğlu Valeh İsgəndərovun qeyri-rəsmi olaraq Binəqədi İcra Hakimiyyətində əsas vəzifələrdən birini tutduğu bildirilirdi.

O, İcra başçısının əsas pul yığanlarından biridir. Rayonda tikinti, torpaq alqı-satqısı, digər bütün qara işlər onun əli ilə həyata keçirilir.

Valeh İsgəndərov İcra Hakimiyyətində rəsmi olaraq heç bir vəzifə daşımasa da, qeyri-rəsmi Xaləddin İsgəndərovun sağ əli, həm də bütün işləri gördürdüyü adamdır.

Xaləddin İsgəndərovun bu qədər “ipə-sapa” yatmamasının səbəblərindən birə də nazir qohumu Fazil Məmmədova güvənməsidir.

Amma Azadlıq prospektindəki yanan bina və Nazirlər Kabinetinin iclasında Prezidentin vergi siyasətini sərt tənqid etməsi “qohum məmurlar”ın kürklərinə birə salıb.

Hökumət üçün həssas rayon

Mənbə “Gündəm-Xəbər”ə qeyd edir ki, hər gün X.İsgəndərovun rəhbərlik etdiyi rayon ərazisində əhalinin narazılığı barədə xəbərlər gəlir.

Qışda əhali su basmış həyətlərin təmizlənməməsindən, yağışdan sonra daha da bərbad hala düşən küçələrdən, qazın olmamasından şikayət edir, hətta diqqət cəlb etmək üçün yolları kəsirlər.

Binəqədi ilə bağlı məsələnin həssaslığı həm də ondadır ki, bu rayon əhalinin sayına görə paytaxtın ikinci ən böyük rayonudur.

Binəqədi rayonunun əhalisi təxminən 260-270 min nəfər təşkil edir. Hökuməti narahat edə biləcək daha bir nüans isə Binəqədi ərazisində daha çox qaçqın və məcburi köçkünün məskunlaşmasıdır.

Yeri gəlmişkən, 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə davam edən məhkəmə proseslərində Xaləddin İsgəndərovun adı hallanır.

Binanın üzlənməsi işini həyata keçirmiş “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov bildirib ki, binanın üzlənməsi təklifi Xaləddin İsgəndərovdan gəlib.

Həbsdə olanlardan biri X.İsgəndərovun birinci müavini işləmiş Qəzənfər Novruzovdur ki, o da ilk gündən suçsuz olduğunu deyir.

Azərbaycan Beynəlxalq Bankının həbsdəki sədri Cahangir Hacıyev maliyyə naziri Samir Şərifov üçün “sən də yanımda əyləşməlisən” mesajını Binəqədi icra başçısının sabiq müavini Qəzənfər Novruzov Xaləddin İsgəndərova vermədi.

Eyni ismarıcı həbsdə olan Binəqədi rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu da ünvanlamadı.

Onlar özlərini MTN-nin odioz generalı Akif Çovdarov kimi apararaq Binəqədinin “Eldar Mahmudovu” əleyhinə danışmadılar.

Əslində, yanan bina işinin bir ucu elə MTN-ə bağlanırdı ki, bu ayrı mövzunun təhlilidir, X.İsgəndərov isə həmin orta ranqlı məmurları qurban verməklə özünü həbsdən xilas etmiş oldu.

Amma X.İsgəndərovun adı təkcə yanan bina işində MTN-ə qarışmadı, eləcə də Biləcəridə özünü icarədar məmur kimi tanıdan bələdiyyə sədri İlham Xəlilov MTN generalı Akif Çovdarova 150 min pul və torpaq bağışlamaqda gündəmə gəldi. O, ifadəsində faktı təsdiqləyib.

Beləliklə, ətrafı MTN bandası ilə əlbir olmuş, özü vergilər naziri Fazil Məmmədovun adamı kimi tanınan Xaləddin İsgəndərovun halqası daralırdı.

Eldar Mahmudovdan sonrakı başçı…

Mənbə “Gündəm-Xəbər”ə qeyd edir ki, X.İsgəndərovun başçı təyinatından sonra binəqədililər əvvəlki icra başçısı Alı Qocayevin ölənlərinə rəhmət oxuyurlar.

Bu da Binəqədidə tikintiyə haqq qoyulması ilə əlaqəlidir. Rayon ərazisindəki tikililərə qiymət vahid cədvəl əsasında qoyulub.

Əgər Xaləddin İsgəndərovdan əvvəl – Milli Məclisin spikeri Oqtay Əsədovun qudası Alı Qocayevin icra başçısı işlədiyi dövrdə rüşvət ucuz idi.

Biləcəri, Binəqədi və Xocasən qəsəbələrində hasar çəkmək pulsuz, istənilən ölçüdə ev tikmək isə 500-1000 manat ”şirinliklə” baş tuturdusa, Xaləddin İsgəndərovun “zühuru” ilə qiymətlərdə qiyamət qopdu.

Məsələyə Azərbaycan reallıqları prizmasından yanaşaraq, o zaman Xaləddin İsgənrərovun vəzifədə və ayaqda qalması möcüzə kimi görünür.

X.İsgəndərovun adamları həmin ərazilərdə birmərtəbəli ev tikintisi üçün 10, iki mərtəbəli ev tikintisi üçün isə azı 20 min manat istəyirlər. Əvvəllər bu iş daha rahatlıqla görülürdüsə, indi icra başçısı bu işi ən inandığı adamlara tapşırıb.

Bu arada Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi orqanı olan “Binəqədi” qəzeti bağlanıb.

Məlumata görə əvvəllər həftədə bir dəfə, 2015-ci ilin oktyabır ayından isə ayda iki dəfə çıxan “Binəqədi” qəzeti rəsmi olara fəaliyyəti dayandırıb.

Məlumatda bildirilir ki, artıq redaksiyada “təhvil- təslim” işləri gedir: “Yəni, İcra Hakimiyyətinin işçiləri bu gün səhər saatlarında redaksiyaya gələrək orda olan avadanlıqları yığışdırıb aparıblar”.

Qeyd edək ki, Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi orqanı olan “Binəqədi” qəzeti 2013-cü ilin yanvar ayında 12 illik fasilədən sonra fəaliyyətini bərpa etmişdir.

Onu da deyək ki, Eldar Mahmudov çıxarılana qədər ötkəm davranan X.İsgəndərov artıq anoloji kobudluq və özbaşınalıqlarını xeyli azaldıb: «İndi o, ciddi şəkildə qorxu içindədir.

Prezidentdən yeni başçı gözləntisi

Hətta Binəqədidə yanan binaya görə bu qədər qorxu keçirməmişdi. Xatırlayırsınızsa, o zamn icra başçısı yanan binaya görə açıq şəkildə Hacıbala Abutalıbovla Fövqəladə Hallar Nazirliyini suçlu çıxardı, onlara meydan oxudu.

Yəni onun mənsub olduğu bəlli gücə arxayınlığı bu qədər cürətkar davranmasına səbəb idi. Ancaq indi durum kəskin şəkildə dəyişmək üzrədir.

Başqa məlumatda bildirilir ki, Binəqədi rayon İcra Hakimiyyətinin başcısı Xaləddin İsgəndərov icra hakimiyyətinə gələn pulların bölünməsi üçün xüsusi adamlar müəyyənləşdirib.

Bu gün Bakı şəhərinin hər bir rayonunda müxtəlif maklerlər peyda olub. Onların əsas işi torpaqla, ev tikintisi ilə bağlı icra hakimiyyətindən sərəncamlar almaq və ortada pul qazanmaqdır. Buna şərait yaradan da icra başçısıdır.

Ümumiyyətlə, Paytaxt Bakı şəhərinin rayonlarına rəhbərlik edən şəxslər arasında haqqında ən çox neqativ planda yazılan, Prezident Administrasiyasına şikayətlər göndərilən şəxslərdən biri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovdur.

Qeyd edək ki, Binəqədidəki torpaq maxinasiyalarına görə hazırda bir neçə nəfər həbsdədir.

Onların bəziləri isə bu cür proseslərdə yalnız sürücü, fəhlə kimi iştirak ediblər. Ancaq bu gün bu torpaq dəllalarının qurbanları kimi həyata dəmir barmaqlıqlar arxasından baxırlar.

Xaləddin İsgəndərov Binəqədi RİH-nə başçı təyin olunduqdan sonra “Təmiz Binəqədi” layihəsi çərçivəsində də bəzi işlər görməyə başladı. Amma X.İsgəndərovun icra başçısı kimi gördüyü əksər layihələr fiaskoya uğradı.

Onun Sumqayıt yolunda saldırdığı süni təpələr Avtovağzal Kompleksinə və magistral yola ciddi ziyan vurdu.

Rayon ərazisindəki binalara çəkdirdiyi “poliureten” üzlüklər böyük yanğına səbəb oldu. Beləliklə, Binəqədinin yeni icra başçısına ehtiyacı var.

Rayon sakinləri prezidentdən Binəqədi təzə rəhbər təyin olunmasını gözləyirlər. Onlar arzu edirlər ki, yeni rayon başçısı sələfinin etdiklərini təkrarlamayacaq.

Ən azından onun qoyduğu problemləri kökündən həll edəcək. Bu iddialarla bağlı qarşı tərəfi dinləməyə hazırıq.
Teref.info

Paylaş