Mayın 3-də 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə gənc qadını vuraraq öldürən 14 yaşlı Ağəli Fərəcovun “Porşe Kayen Magnum” markalı maşını ilə avoxuliqanlıq hərəkətlərini əks etdirən videosu yayılıb.
Axar.az xəbər verir ki, videoda Heydər Əliyev prospektinə çıxan körpüdə A.Fərəcovun avtomobili geriyə sürdüyü qeyd olunub.
Amma ötən il oktyabrın 3-də yayılan həmin videonun Bakının tanınmış avtoşlarından olan “Zadnı Rəhman”a aid olduğu barədə hələ o zaman məlumatlar getmişdi.
Hadisənin Təhsil Nazirliyi istiqamətindən Heydər Əliyev prospektinə çıxan yol ötürücüsündə baş verdiyi görünürdü. Toy karvanında hərəkət edən “Porşe” markalı avtomobilin tərsinə hərəkət etməsi görənləri təəccübləndirmişdi.
Sürücü avtomobili bir neçə dəqiqə bu cür idarə edib. Avtoşluq edən sürücünü kameraya çəkən yaxını onu “Zadnı Rəhman” kimi təqdim etmişdi.
Videonun yayılmasından iki gün sonra isə “Zadnı Rəhman” kimi tanınan avtoşun saxlanıldığı barədə xəbər yayılmışdı.