“Üst-üstə 12 saatlıq uçuş və ümumilikdə düz bir sutkalıq yolçuluqdan sonra gecə saat 2-dən sonra artıq evdəydim. Çox yoruldum bu dəfə. Həm səfərimin uzun və uzaq olması, həm səfər günlərində bir yandan MBNP-nin məlum əcaib qərarıyla bağlı müzakirələr, həm də Xədicə İsmayıl və erməni dostlarının mənə qarşı təşkil etdiyi hücumlara verməli olduğum cavablar məni yordu. Amma buna baxmayaraq, Cakartada UNESCO-nun tədbirində tək Azərbaycanlı olaraq ölkəmizi layiqincə təmsil etməyə nail oldum. Baxmayaraq ki, Bakıya ayaq basan kimi hava limanındakı gömrükçülər sözün həqiqi mənasında qanımı it qanına döndərdilər. Olsun… Biz bu Vətən üçün o, dünyadan xəbərsiz, alverçi təfəkkürlü gömrükçülərdən fərqli olaraq yenə də çalışmağa davam edəcəyik. Sadəcə xoş gəlməyən budur ki, ölkənin əsas qapısında hələ də bu qafalı adamlar qarşılayır insanları…”

AFN xəbər verir ki, bunu media eksperti Azər Həsrət facebookdakı statusunda bildirib. Maraqlıdır, gömrükdə nə baş verib? A.Həsrət hansı halla üzləşib ki, uğurlu keçdiyini dediyi səfərdən sonra belə bir status yazmağa vadar olub? AFN-ə açıqlamasında ekspert tez-tez səfərlərdə olduğunu dedi: “Bir qayda olaraq Azərbaycanın ümumi milli maraqları naminə gedirəm səfərlərə. Təbii ki, bunu ölkəmin, dövlətimin daha yaxşı olması üçün edirəm və etməyə də davam edəcəm. Amma hər dəfə ölkəyə qayıdanda elə hava limanındaca qanım qaralır. Örnək üçün, mart ayında Brüsseldə Avronest Parlament Assambleyasına ekspert kimi dəvət edilmişdim. Getdim, çıxış elədim, lazım olan adamlara cavab da verdim. Yəni Azərbaycana hücum etmək istəyənlər cavablarını aldılar. Amma Bakıya qayıdıb yorğun-arğın toya gedirdim, elə həmin gün, yol polisi qayda pozduğum üçün məni saxladı. Buna etiraz etmədim. Amma polisin münasibəti başdan-ayağa qanunsuz idi və məni əsəbiləşdirən də bu oldu. Üstəlik, məni tutub polis idarəsinə də apardılar. Sonadək izah edə bilmədim ki, qayda pozmuşam, qəbul edirəm, amma siz də zəhmət çəkin, qanunun tələbləri çərçivəsində mənə müraciət edin. Bu haqda ayrıca yazım olacaq deyə ayrıntılara keçmirəm. İndi də bu axşam düz 24 saatlıq yolçuluqdan sonra (İndoneziyadan gəlirdim) hava limanında təyyarədən enib pasportdan keçdim. Adətim üzrə əlimdə yük olmur. Kiçik bir çantam olur. Bu dəfə də belə idi. Yaşıl dəhlizdən keçirdim ki, gömrük məmuru bir az uyğunsuz tərzdə əlilə qırmızı dəhlizi göstərdi. Soruşdum ki, niyə ora gedim, axı bəyan ediləcək heç nəyim yoxdur? Eyni nəzakətsiz tərzdə cavab verdi ki, “orda sizə izah edərlər”. Getdim, qırmızı dəhlizdən keçdim, təbii ki, yoxlanmalı heç nəyim yox idi. Gömrükçülərə üz tutdum ki, niyə axı hər dəfə belə edirsiniz? Onlar da çiyinlərini çəkdilər. Dedim, baxın, bu qədər qonaq gəlir ölkəyə, hər dəfə də sizin bu uyğunsuz əməliniz ölkəmiz haqqında pis fikir yaradır. Mən bunları deyəndə ordakı məmurlar sadəcə gözlərini döyərək üzümə baxdılar. Demirəm ki, gömrük başlı-başına olsun. Amma az qala hər ay səfər edən, görkəmində də şübhəli heç nə olmayan mənim kimi adamları axı bunlar niyə gərəksiz yerə saxlamalı, yoxlamalı, ölkəyə çatan kimi qanımızı qaraltmalıdır? Ümumiyyətlə, niyə mənim ölkəmdə hələ də bu tip adamlar bizi əsas giriş qapılarında qarşılamalıdır? Hələ mən sərhədçiləri demirəm. Martda Brüsseldən gələndə gecə yarısı görürəm, pasport nəzarətində gənc qızlar oturub. Bu, yaxşıdır. Amma hamısının üzündən sözün həqiqi mənasında zəhrimar yağırdı. Yaxınlaşanda qızın birindən soruşdum ki, biz olmadığımız dövrdə, allah eləməmiş, ölkədə nəsə faciə baş verməyib ki? Təəccüblə üzümə baxıb, “yox, heç bir problem yoxdur” dedi. Dedim, onda niyə üzünüz gülmür? Niyə bu qədər kefsiz göünürsünüz? Cavab verdi ki, hamı bayram edir, biz işləyirik, kefimiz yoxdur. Onda dedim ki, baxın, siz heç olmasa işdə olsanız da ölkədəsiniz. Amma mənim kimi adamlar bu Novruz bayramını belə ailəmizin yanında keçirə bilmirik. Ona görə də heç olmasa bir balaca təbəssümlə qarşılayın bizi. Toppuş bir qız idi, gülümsədi. Gülmək də yaraşırdı ona. Yəni deməyim odur ki, belə elementar şeylər adamın qanını qaraldır. Bu gömrükçülər isə dediyim kimi, tam başqa bir dərddir”.

Maraqlıdır, səfərdə olduğu ölkələrdə A.Həsrət oxşar hallarla qarşılaşırmı? Sualımıza cavab verən ekspert bildirdi ki, adətən Rusiyada belə halla qarşılaşır: “Amma düşünürəm ki, biz pis örnəklərə deyil, yaxşı örnəklərə bənzəməliyik”.

Paylaş