Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bu günlərdə daha bir zərbə alması barədə xəbərlər yayılıb. Mətbuatda yayılan xəbərlərə görə, onun şəxsi təyyarəsini müsadirə ediblər

Artıq məsələyə münasibət də bildirilib və açıqlama ikibaşlıdır.

Məsələ ilə bağlı unikal.org-a danışan sabiq nazirin qardaşı Elton Məmmədov deyib:

“Sizin şəxsi əmlakınızı kimsə əlinizdən ala bilərmi? Əlbəttəki yox. Qurtardı getdi də! Mən sizdən xahiş edirəm əlavə nəsə soruşmayın.

Görürsüz ki, mən də sizə qarışılıqlı sual verdim. Bu məsələyə mən münasibət bildirmirəm, ya da bildirmək istəmirəm. Bu qədər”.

Keçmiş nazirin sabiq deputat qardaşı bu açıqlama ilə Z.Məmmədovun təyyarəsini kimsə əlindən ala bilməz demək istəyib. Eyni zamanda eks-nazirin təyyarəsinin olduğunu da təsdiqləyib.

E.Məmmədov özü də bilməyərəkdən bildirib ki, qardaşının təyyarəsi var və bu, onun şəxsi mülkiyyətidir.

Amma kimsə sual etmir ki, dövlət məmuru hansı pulla həmin təyyarəni alıb?! Əlbəttə biz də Elton Məmmədov kimi sual edirik? – Sizcə hansı pulla, maaşla təyyarə almaq mümkündür?

Bu sualı həm də hüquq-mühafizə orqanlarının Z.Məmmədovun korrupsiya fəaliyyətini araşdırmaq zərurəti yaradır.

Keçmiş nazirin qardaşının açıqlaması yuxarı dairələrə “əzələ nümayişidir”. E.Məmmədov göstərir ki, bizim təyyarəmiz var və heç kəs əlimizdən ala bilməz.

Ancaq keçmiş deputatın açıqlamasının davamı da müəmmalıdır. O, sualdan yayınır və tam olaraq bilinmir ki, təyyarəni taleyi necə olub.

Onu da deyək ki, Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildiyindən sonra işsiz qalan Ziya Məmmədov yenidən hədəfə gəlib.

Bir müddət öncə də Ziya Məmmədov nazir olduğu zamanlarda yol verdiyi korrupsiya, yeyinti faktlarına görə gündəmə gəlmişdi.

Ancaq sonradan bu məsələlər bir qədər səngidi. Bu günlərdə isə Bakının yol infrasturukturunda olan nöqsanlar Ziya Məmmədovun adına yazıldı.

Belə ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli müsahibədə zamanında Bankının yol infrastrukturunun, marşrut xətlərinin, dayanacaqların düzgün quraşdırılmadığını vurğulayıb.

Bir müddət öncə, hələ Ziya Məmmədov nazir postunda olanda Dəmir Yolları QSC-ilə bağlı görülən işlərdə ciddi pozuntular, yeyinti halları üzə çıxarılmışdı. Ancaq həmin vaxt Ziya Məmmədov “nüfuzlu nazir” idi və bu məsələ tez ört-basdır edildi.

İndi isə görünən odur ki, Ziya Məmmədov zamanında gördüyü “işlərlə” hədəfə gəlib. Bu isə onu deməyə əsas verir ki, Ziya Məmmədov haqqında yaxın zamanlarda ciddi tədbir görüləcək.

Sabiq nazirin həbs olunması ilı bağlı söhbətlər ciddiləşir. Bununla bağlı xəbərlər işdən çıxarılarkən daha yayğın idi.

Paylaş