Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Saatlı rayon şöbəsinin rəisi Bayram Mikayılov həbs edilib
B.Mikayılov paytaxtın Xətai rayonunda arvadı Gülnarə Cəbrayılovanı mübahisə zəminində bıçaqlayıb.
Bu barədə qafqazinfo.az-a G.Cəbrayılovanın vəkili Vasif İsrafilov məlumat verib.
Hadisə bu il yanvarın 26-da olub. B.Mikayılov arvadının avtomobilinin qarşısını kəsərək onu öldürməklə hədələyib. Bir saata yaxın davam edən mübahisəyə kənar şəxslər sakitləşdirmək üçün müdaxilə edib.
Bu zaman şöbə rəisi B.Mikayılov bıçaq çıxararaq onu vurub. Ətrafdakı şəxslər yaralı qadını maşına oturdaraq xəstəxanaya çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra onların həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 211.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Mayın 5-də B.Mikayılov təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib və saxlanılaraq Xətai rayon Müvəqqəti Saxlanma Yerinə təhvil verilib.
Bir ay öncə mediada yaşlı kişinin təhqir edilərək alçaldılması barədə video yayılmışdı.
Həmin məlumatda qeyd olunurdu ki, Saatlı rayon sakini Elşən Allahyarov direktor B.Mikayılovun qəbuluna gəlib, orada isə aşağılayıcı sözlərlə təhqir olunub.
Nazirlik isə bu məlumatı təkzib edərək görüntülərin B.Mikayılovun otağında çəkilmədiyini bildirmişdi.
B.Mikayılovun ötən ilin dekabrında qayıtanası Aydın Cəbrayılovun barəsində dediklərini əldə etmişik. Məmurun qayınatası “Təzadlar.az”a ciddi məlumatlar verib.
A.Cəbrayılov ölkə rəhbərliyinə müraciətində bildirib:
“O, qızıma məxsus cehiz əmlaklarını hələ heç bir boşanma sənədi olmadan ələ keçirərək mənimsəməklə, adi insani haqları tapdamışdır. Hətta mənim adıma olan avtomobili idarəetmə etibarnaməsi olduğu halda, mənim adımdan hansı yollarlasa öz adına keçirərək özgəninkiləşdirmişdir.
Uzun müddət bütün mümkün qayğılarımla əhatə etdiyim bu insana, hətta qohumluğun ilk günlərində qızıl kartımı verərək onun ilk dəfə Parisi görmək arzusunu reallaşdırmasına şərait yaratdım və onu Fransaya səyahətə yola saldım.
Rəsmi bank sənədlərinə istinadən deyirəm ki, o, Parisdə olduğu 10 gün ərzində həmin kartda olan 20 min avro pulumu kefi istədiyi kimi xərcləmişdir.
Olsun… Amma bir müddət sonra o, ailəmizin və şəxsən mənim ona qarşı humanist davranışımızdan sui-istifadə edərək mənə məxsus əmlakları da ələ keçirməyə başladı”.
A.Cəbrayılovun məhkəməyə təqdim etdiyi məlumat və sənədlərdən məlum olur ki, kürəkəni B.Mikayılovun yetərincə əmlakları olub. Siyahını təqdim edirik:
– 90-ZC-088 markalı, qara rəngli “Leksus” CİP;
– 90-NU-088 markalı, qara rəngli “Mersedes”-E-Klass”;
– “Xunday” markalı, 909-UK-088 markalı avtomobil;
– Bakının M.Hadi küçəsi-41, mənzil-79 ünvandakı 3 otaqlı mənzil;
– Vunq-Tau küçəsi-12, mənzil-23-də 4 otaqlı mənzil;
– “Qum adası”nda həyət evi;
– 90-MN-880 dövlət nömrə nişanlı “Mersedes”;
– “Bakı” kino-teatrının yanındakı 9 mərtəbəli binada, Şirvani küçəsində 3 otaqlı mənzil;
– Şamaxıda istirahət evi və sair…
Bu siyahı kifayət edir ki, nazir Səlim Müslümova haqlı suallar ünvanlansın: əvvəla nazir kimi Saatlıda kadrınızın əməllərindən xəbəriniz var idimi?
Onun vətəndaşların başına açdığı oyunlardan, şikayətlərdən məlumatlı idinizmi? Niyə oliqarx həyatı yaşamış bir məmurun fəaliyyəti araşdırılmayıb? Ümid edək ki, nazirlik bir açıqlama verəcək.
Günün sonunda B.Mikayılov unikal.org-a açıqlamasında deyib ki, bu məlumat tamamilə yanlışdır:
“Belə bir hadisə olmayıb. Bu məlumat kökündən yanlışdır. Azadlıqdayam, həbs olunmamışam. Mən idarə rəhbəriyəm. Görürsünüz ki, Sizinlə rahat danışıram, heç bir problem yoxdur. Bununla bağlı vəkilimlə danışacağam”. ulus.az