“Azərbaycandakı iş adamları məmurların, vəzifə xozeyinlərinin gözəgörünən əlaltılarıdır”
“Peyğəmbərimizin çox gözəl bir hədisi var, deyir özünə rəva bilmədiyini başqasına rəva bilmə. Hamınız çox gözəl bilirsiniz ki, artıq 3 ildir mən məmur özbaşınalığının qurbanı olmuşam. Prezidentin adı ilə alver edib özünü onun adamı kimi tanıdan Hacıbala Abutalıbov bu yolla camaatın gözünə kül üfürür, hədə-qorxu gəlir. Əlaqədar dövlət strukturlarına da hədə-qorxu gələrək şantaj edir. Qoymur ki, qanuni vəzifələrin icra etsinlər. 3 ildir ki, 7 nəfər ailə üzvümü açıq-aşkar, ictimaiyyətin gözü qabağında ölüm təhlükəsinə məruz qoyub”.
Bunu açıqlamasında Əməkdar incəsənət xadimi, kinorejissor Şeyx Əbdül Mahmudbəyli üzləşdiyi məmur özbaşınalığı haqqında danışarkən deyib.
Şeyx Əbdül özləri və ya övladları cinayət törətmiş iş adamları haqqında da danışıb:
“Heç bir halda heç bir iş adamına, biznesmenə dırnaqarası yanaşmaq olmaz, çünki onların hamısı “krişalarının” altında işləyirlər. Onların hamısının arxasında yüksək səviyyəli dövlət adamları, məmurlar durur. Bu adamlar sadəcə görünən icraaçılardır, xidmət əhlidir. Azərbaycanda hansı müstəqil biznes var ki, biz də deyək filankəs müstəqil bizneslə məşğul olur? Azərbaycandakı iş adamları, biznesmenlər məmurların, daha doğrusu vəzifə xozeyinlərinin gözə görünən əlaltılarıdır. Təbii ki, həmin iş adamları öldürsələr də, dağıtsalar da haqlıdırlar.
Konkret olaraq mən bunu özümə olan münasibətdə gördüm. Evimi dağıdan güya özəl tikinti şirkəti məhkəmənin qərarını icra etmir, mənə gündə bir yalan danışır. Çünki həmin şirkət səlahiyyət sahibi deyil, sadəcə ələbaxan muzdlu əhlidir.
Bu gün bütün cinayətlərin, özbaşınalıqların, yiyəsizliyin,qanunsuzluğun başında duran əslində yüksək səlahiyyətli vəzifə adamlarıdır. Ona görə də hər hansı bir biznesmen hadisə törətdi, ancaq toxunmadılar, bütün bunlar nağıldır. Mən bunu 3 ildir bütün mətbuata deyirəm, bunu bilməyən beynəlxlq təşkilat yoxdur, amma nəticə yoxdur. Və heç bir nəticə də olmayacaq”.
Kinorejissor yeganə ümidinin Mehriban Əliyeva olduğunu bildirib:
“Klanlaşmış, xozeyinləşmiş vəzifə sahibləri ilə bağlı yeganə ümidim Mehriban xanımadır. Azərbaycanı dağıtmaq üçün Mehriban xanımın yerinə də kimisə soxuşdurmaq istəyirdilər. Amma bu alınmadı, prezidentimiz şərait yaratdı ki, Mehriban xanım qanun yolu ilə bu insanların haqlarını, hüquqlarını bərpa etsin. İndi yeganə ümidim, inamım onadır ki, Birinci vitse-prezident Mehriban xanım dövlət strukturunu bərpa edəcək. İndiyə kimi Azərbaycanı çapıb talayan, klanlaşan, baş-başa, arxa-arxaya verib insanların qanın batıran, evini dağıdan, capıb- talayan adamlar yəqin ki, lazımi cəzaların alacaqlar.
Əgər ümidlərim doğrulmasa, ondan sonra görəcəksiniz mən nələr danışıram. İndi ancaq bizə gözləmək düşür, hələ yaxşı ki, bunlar bizim başımızı tapdamırlar, küçədə bizi döymürlər, əzmirlər. Bunlardan nəsə gözləmək boş cəfəngiyyatdır, qanunun sahibi gələndə inşaallah hər şey yoluna düşəcək”. (Moderator.az)