Hüquq müdafiəçisi, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova təqib və təhdid edilir.
Cebhe.info xəbər verir ki, hüquq müdafiəçisinə bir müddət əvvəl sosial şəbəkələr və telefon vasitəsilə başlayan hədə-qorxu artıq açıq təhdid halını alıb.
Artıq M.Zeynalovanı izləyən şəxs təkcə “Təmiz dünya”nın ofisi və sığınacağının yerləşdiyi binanın ətrafında yox, M.Zeynalovanın evinin yaxınlığında da onu izləyir. Hüquq müdafiəçisinin sözlərinə görə, onu təqib edən və hədələyən şəxs sığınacaqda yaşayan qadınlardan birinin qeyri-rəsmi əri Mehrəliyev Ceyhun Elçin oğludur. Bu şəxs hazırda sığınacaqda qalan qadının şikayətini geri götürməyəcəyi təqdirdə böyük problemlər yaradacağını bildirir. Dünən axşam saatlarında
M.Zeynalovanın bir neçə saat ərzində şəhərdə hərəkəti zamanı təqib edən və daha sonra yaxınlaşaraq təhdid edən şəxs daha sonra hüquq müdafiəçisinin evinin yaxınlığında görüntülənib.
Xatırladaq ki, sözügedən şəxs hazırda sığınacaqda qalan qadına bədən xəsarətləri yetirdiyinə görə işə məhkəmədə baxılır. Şəxsin məqsədi məhkəmədən şikayət ərizəsinin geri götürülməsinə nail olmaqdır.