Vəzifədə olduğu dövrdə mediadan qaçan, jurnalistlərin döyülməsində əli olan sabiq nəqliyyat naziri adi vətəndaşa çevrildikdən sonra mətbuata çıxır

Keçmiş nazir vaxtaşırı saytlara açıqlama verməyə başlayıb. Z.Məmmədov mayın 10-da qaynarinfo.az-a açıqlamasında bildirib ki, ulu öndər Heydər Əliyev dünyada böyük nüfuz qazanmış dahi şəxsiyyətdir:

“Mən çox xoşbəxtəm ki, onun rəhbərliyi altında çalışmışam. Hər zaman ulu öndər Heydər Əliyevin siyasətinə sadiq olmuşam və bundan sonra da belə olacaq.
Ulu öndər Heydər Əliyevə Allahdan rəhmət diləyirəm, onun siyasi varisi olan möhtərəm Prezidentimizə isə can sağlığı arzu edirəm”.

Sabiq nazirin açıqlamasının anım günü ilə bağlı olduğunu başa düşmək olar. Amma nazir əvvəllər heç vaxt belə çıxışlar etmirdi.

Ləğv edilmiş Nəqliyyat Nazirliyinin keçmiş rəhbəri Ziya Məmmədov vəzifədə olduğu dövrdə mediaya qarşı kobud münasibəti ilə seçilirdi

Eks-nazir mətbuatın suallarını cavablandırmır, medianı saymır, jurnalistlərə açıqlama vermir, yeri gələndə onları məhkəməyə verir, sualı dinlər-dinləməz telefon zənglərini asırdı.

Düzdür, Ziya Məmmədov hər gün tənqid olunan, hər gün barəsində ittihamlar olan bir nazir idi. Elə gün olmayıb ki, saytlar və qəzetlər ondan yazmasın. Amma bunun real səbəbləri də var idi.

Əvəzində isə nazir oğlunun ayı kababı yeməsi haqda iddialara görə, iki qəzeti cərimələtmişdi, villasını çəkmiş jurnalistlər – Anar Gəraylı və Elmin Bədəlovu döydürmüşdü, qardaşı oğlu Aynar Məmmədov barəsində Feysbukda status yazdığı üçün jurnalist Fərahim İlqaroğlunu döydürmüşdü.

Keçmiş nazir indi media ilə “dostlaşıb” və zənglərə cavab verir. Ehtimal olunur ki, keçmiş nazirin vəziyyəti indi gərgindir.

Adi vətəndaş olduğunu deməklə özünə olan qəzəbi azaltmağa çalışır və büdcə vəsaitlərini mənimsəmə ittihamı ilə məsuliyyətə cəlb olunması istisna deyil.

İşdən azad olunduqdan sonra guya yenidən hansısa vəzifələrə təyin ediləcəyi barədə Məmmədovların mediaya sızdırdıqları xəbərlər də təsdiqlənmədi.

Əksinə, indi gələn xəbərlərdən məlum olur ki, Məmmədovlar hakimiyyətdəki etimadlarını birdəfəlik itiriblər, illərdi topladıqları sərvətləri, “topdağıtmaz” “Garant” Holdinqi belə itirmək təhlükəsi ilə üzləşiblər.

Mediada Trampla yaxınlığı barədə piar-kampaniyaya start verdi. Belə rəy yaradıldı ki, Məmmədovlarsız Amerikanın yeni administrasiyası ilə əməkdaşlıq mümkün olmayacaq. Bu təbliğata hələ o vaxt nazir işləyən Z.Məmmədov da şəxsən qoşuldu, “Trampla işbirliyimiz var” dedi.

Amma bu yanlış piar Məmmədovların sonunu tezləşdirdi, hakimiyyət onlara “boy göstərən” Məmmədovlarla yollarını birdəfəlik ayırmağa qərar verdi.

Fəqət bu da son deyil. Xəbərlər var ki, Məmmədovların həbs təhlükəsi də realdır. Buna səbəb isə amerikalı senatorların “Trump Organization” təşkilatının Azərbaycanda Məmmədovlarla işbirliyinin şübhəli məqamları barədə araşdırma tələb etməsidir.

KORRUPSİYA.AZ

Paylaş