Britaniya məhkəməsinin qərarına əsasən, azərbaycanlı oliqarx keçmiş həyat yoldaşına 453 milyon funt sterlinq (təxminən 600 milyon ABŞ dolları) həcmində təzminat ödəməlidir
Virtualaz.org BBC-yə istinadən xəbər verir ki, yerli nəşrlərin yazdığına görə, bu boşanma prosesi Birləşmiş Krallıq tarixinin ən bahalı boşanmalarından biri olacaq.
Ər təkidlə bildirirdi ki, ailənin rifahında məxsusi payı olub, lakin məhkəmə həyat yoldaşlarının paylarının bərabər olduğu qərarına gəlib. Nəticədə, təzminatın məbləği ailə aktivlərinin 41,5%-i həcmində dəyərləndirilib.
Hakim həmçinin boşananların adlarının açıqlanmaması barədə qərar verib. BBC yalnız onu bildirir ki, söhbət Qafqaz əsilli 61 yaşlı keçmiş treyderdən və onun 41 yaşlı, Şərqi Avropa doğumlu arvadından gedir. Cütlük Moskvada evlənib və Britaniyanın Surrey qraflığına köçüb. Bundan əlavə, məlumdur ki, təxminən 5 il əvvəl boşanan kişi Rusiya şirkətindəki payını 1,3 milyard dollara satıb.
RBK yazır ki, bu təsvirə “Nortqaz” şirkətinin 61 yaşlı keçmiş sahibi, “Forbes” jurnalının Rusiya reytinqində 67-ci olan Fərhad Əhmədov uyğun gəlir. Jurnal onun varidatını 1,3 milyard dollar həcmində qiymətləndirir. Bakıda anadan olmuş Əhmədov 1986-cı ildə Böyük Britaniyaya köçüb və London xəz birjasında treyder olub. 1987-ci ildə SSRİ-nin qaz müəssisələırinə avadanlıq satan “Tansley Trading” şirkətini təsis edib. 2012-ci ilin sonlarında Əhmədov “Nortqaz” şirkətindəki payını 1,38 milyard dollara “NOVATEK”ə satıb.