Dərman bazarında söz sahibi olan deputat həmçinin dərmanların “od qiymətinə” olmasına əsas səbəkarlardan biri kimi də tanınır
Azərbaycanda son konstitusiya dəyişikliyindən sonra gözlənilən iqtisadi-siyasi islahatlar icraedici orqan mənsubu olan məmurlarla yanaşı parlament üzvlərini, millət vəkillərini də diqqət mərkəzinə gətirib.
Belə ki, yeni dövrün tələblərinə cavab verməyən, işini yalnız parlamentdə kreslo tutmaqla yekunlaşdıran deputatların yeni islahatlar imtahanından çıxmayacağı bəllidir. Teref.info yenicağ.az-a istinadən yazır ki, bəzi deputatlar açıqlamaları, müsahibləri ilə gündəmə gəlsələr, proseslərdə fəal iştiraklarını nümayiş etdirsə də, mətbuata ümumiyyətlə çıxışı olmayan, öz funksiyalarını susmaqla yerinə yetirən, seçiciləri ilə təmas qurmaqdan belə çəkinən, daha doğrusu buna lüzum görməyən millət vəkilləri də var. Belə deputatlardan biri də 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən deputat seçkilən Kəmaləddin Qafarovdur.
K.Qafarovun fəaliyyəti ilə bağlı AzMedia.İnfo-nun media üzərindən apardığı araşdırmalarda maraqlı məqamlarla rastlaşdıq. Sən demə parlamentin passiv deputatlarından olan bu şəxs biznes sahəsində kifayət qədər aktiv imiş.
Onu da bildirək ki, Kəmaləddin Qafarov deputat seçildiyi dövr ərzində parlamentdə demək olar ki heç bir çıxış etməyib və Milli Məclisin “lal deputatlar” komandasına liderlik edir.
“Dərman qoxulu” deputat kimi tanınan Qafarovla bağlı daha bir məqam da maraq doğurur. Belə ki, dünyanın ən məşhur məlumat-axtarış sistemi olan “Google”də Kəmaləddin Qafarov passif deputatlara rəhbərlik edir. “Google”də Kəmaləddin Qafarov adını yazdığımız zaman cəmi 5680 nəticə çıxır ki, bunun da 90 faizi parlament seçkiləri gününə təsadüf edir.
Bu istiqamətdə ən maraqlı və biabırçı məqam K.Qafarovu vikipediyanın da tanımamasıdır. Bütün bunlardan sonra deputatı seçicilərin necə tanıması haqda danışmaq artıqdır. Yəni seçicisi belə K.Qafarovu tanımaq üçün internetə baş vurduqda əli boş qalacağı şübhə doğurmur.
Araşdırma nəticəsində daha bir diqqətçəkən məqam üzə çıxıb. Belə ki, Qafarovun israrla susması əbəs deyil. Bununla bağlı mediada yer alan və deputat tərəfindən bu günədək təkzib olunmayan məlumatı diqqətinizə çatdırırıq: “Deputatın biznes şəbəkəsi olduğuna görə, o gözdən uzaq gəzməyə çalışır. Bakıda fəaliyyət göstərən məşhur aptek şəbəkələrindən biri deputatın nəzarətindədir və deputatın başı ona görə qarışıqdır”.
Məlumata görə, deputat Binəqədinin icra başçısı Xaləddin İsgəndərovla soyuq münasibət saxlayır. O, RİH-nin hər hansı toplantısında və ya açılış mərasimində iştirak etmir. İcra başçısı ilə soyuqluğun səbəbi bilinməsə də, ümumiyyətlə ilk dəfə deputat olan Qafurov publikadan qaçır. Bəziləri bunu onun təcrübəsizliyi ilə izah edirlər. İstənilən halda millət vəkili, özü də paytaxtın əhəmiyyətli rayonlarından birinin deputatı seçilmisənsə, mütləq aktiv olmalısan. Azərbaycanın siyasi-iqtisadi həyatına bu qədər hadisə baş verməsinə baxmayaraq, K.Qafarov öz dünyasında yaşayır.
Kəmaləddin Qafarov Milli Məclisdəki fəaliyyəti ilə yanaşı həm də Milli Onkologiya Mərkəzinin direktor müavinidir. Bu tibb ocağı haqda mediada dərc olunan şikayətlər onu göstərir ki, nazir Oqtay Şirəliyevin məlum sərəncamı bu klinikada “sabun köpüyü”nə çevrilib. Yəni “pulunu ver, şəklini çəkdir” misalı. Deputatın rəhbərliyində təmsil olunduğy Milli Onkologiya Mərkəzində rüşvət alma, daha doğrusu boğa-boğa soyulma hallarını diqqətinizə çatdırırıq:
1. İnsanlar onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar.
2. Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterapiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir.
3. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinələri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.
4. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.
5. Qan analizi, UZİ, kardeoqrammanın qiyməti 20 manat olaraq müəyyənləşib.
Bütün bunlar Milli Onkologiya Mərkəzindəki vəziyyəti bir daha göstərməkdədir. Lakin K.Qafarovun “biznesi” təkcə bununla kifayətlənmir. Dərman bazarında söz sahibi olan deputat həmçinin dərmanların “od qiymətinə” olmasına əsas səbəkarlardan biri kimi də tanınır. /Azmedia.info