Bu gün mayın 12-də Qafqaz Xəbər Media Mərkəzində sahibkar, “Akşin-N” şirkətinin təsisçi və direktoru Nisbət Fərhadova mətbuat konfransı keçirib.

Konfransı giriş sözü ilə açan Qafqaz Xəbər Media Mərkəzinin direktoru Rəşad Rüstəmov media nümayəndələrini salamlayaraq bildirib ki, bu tədbir Azərbaycandakı böyük bir problemlə – monopoliya problemi ilə bağlıdır.

Rüstəmov qeyd edib ki, son 25 ildə tütün məhsulları və alkoloji içkilərlə bağlı ciddi inhisarçılıq olub və az sayda şirkətə bu məhsulların idxalı ilə bağlı lisenziya verilib: “Son vaxtlar monopoliyanın ləğv olunduğunu desələr də, əslində yenə də böyük maneələr qalır”.

Sonra Mərkəzin direktoru inhisarçılıq problemi ilə qarşılaşan sahibkar Nisbət Fərhadovanın vəkili Tahir Xanəliyevə söz verib.

Xanəliyev bildirib ki, inhisarçlıq təkcə iqtisadi inkişafla, əhalinin rifahı ilə bağlı məsələ deyil, bu cəmiyyətin mənəviyyatına da ciddi təsir edir: “ Yəni inhisarçılıq bütövlükdə cəmiyyət üçün çox təhlüklədir. Bunu nəzərə alan hörmətli prezidentimiz iqtisadiyyatın inkişafı, inhisarçılığın aradan qaldırılması üçün zəruri olan bütün göstərişləri verib, lazım olan sənədləri imzalayıb. O cümlədən, tütün məhsullarının idxalına mane olan lisenziya məsələsi ləğv olunub. Yəni hər sahibkar azad şəkildə ölkəyə tütün məhsulları gətirə bilər. Bunu görən hüququnu müdafiə etdiyim sahibkar Nisbət Fərhadova ölkəyə tütün məhsulları gətirmək üçün Belarusiyanın Qrodnu şəhərində yerləşən “NEMAN” şirkəti ilə müqavilə bağlayıb. Ancaq uzun müddətdi ki, Maliyyə Nazirliyi bağlanan müqavilənin həyata keçməsinə mane olur. Daha dəqiq desək, Maliyyə nazirliyinin rəhbərliyi müxtəlif bəhanələr gətirib, ölkədə aksiz markası olmadığını deyiblər. Sonda Fərhadova bütün bunlarla bağlı Prezident yanında Apelyasiya Şurasına şikayət edib. Məlumat üçün bildirim ki, Apelyasiya Şurası məhz azad sahibkarlığa olan əngəllərin aradan qaldırılması üçün yaradılıb. Fərhadovanın şikayətinə baxan Apelyasiya Şurası nazirliyin hərəkətsizliyini qanunsuz hesab edərək sahibkara aksiz markasının verilməsini Maliyyə Nazirliyinin üzərinə qoyulub”.

 

Vəkil Maliyyə Nazirliyinin daha bir bəhanəsinə – sahibkarın “NEMAN”la bağladığı müqavilənin guya ləğv olunduğuna da aydınlıq gətirib: “ Maliyyə nazirliyi bəhanə gətirir ki, guya NEMAN şirkətinin direktor müavini Şaqun nazirliyə məktub göndərib ki, Nisbət Fərhadova ilə bağlanan müqavilə ləğv olunub. Əslində bağlanan müqavilə ya hər iki tərəfin razılığı ilə, ya da məhkəmənin qərarı ilə ləğv oluna bilər. Müqavilə birtərəfli ləğv oluna bilməz”.

Bu anda Rəşad Rüstəmov bildirdi ki, dünən Şaqunla telefonla danışdım: “ O bildirdi ki, “Akşin-N” lə müqaviləmiz qüvvədədir, qoy aksiz markasını göndərib malını alsın”.

Sonra vəkil tütün inhisarçılığında adı keçən inhisarçı “CRESCO” şirkəti ilə bağlı bildirdi ki, şirkət Ukraynada qeydiyyatdan keçib.

Jurnalist Teymur Kərimli vəkildən soruşdu ki, konkret olaraq CRESCO-nun əsl sahibi kimdir..?

Vəkil cavab verdi ki, mən hüquqşünasam, konkret deyə bilmərəm, əlimdə məlumat yoxdur, ancaq məntiq deyir ki, bu boyda qanunsuzluqların arxasında duran yuxarıda dayanır.

Vəkil sonda onu da bildirdi ki, inhisarçılıq bugünümüzü, sabahımızı, gələcəyimizi əlimizdən alır.

Sonra sahibkar Nisbət Fərhadova bildiridi ki, uzun müddətdir ki, sahibkarlıqla məşğul oluram, vergi ödəyicisiyəm, həmişə ölkəmizə tütün məhsulları idxal etmək istəmişəm: “ Ancaq bu sahə uzun müddət 4 şirkətin arasnında inhisarda olub. Yəni ancaq 4 şirkətə ölkəyə tütün məhsulları gətirmək üçün lisenziya verilib. Hörmətli prezidentimiz tütün məhsulları və alkoloji içkilərlə bağlı lisenziyanı ləğv edəndən sonra ölkəmizə tütün məhsulları gətirmək barədə qərar verdim. Və Prezident Adminstarsiyasında oldum. Məni yüksək səviyyədə qəbul etdilər, məni diqqətlə dinlədilər və Maliyyə Nazirliyinə müraciət etməyi məsləhət bildilər. Sonra məni Maliyyə Nazirinin müavini Azər Bayramov qəbul etdi. Ölkəyə tütün məhsulları gətirmək üçün Maliyyə nazirliyi idxalçı şirkətə aksiz markası verməlidir. Azər Bayramov mənə söz verdi ki, 5 gün müddətində “Akşin-N” şirkətinə aksiz markası veriləcək. Nazir müavini ilə söhbətimdən sonra mən 2016-cı ilin aprelində öz nümayəndəmi 5 milyon dollar dəyərində tütün məhsulları almaq üçün Belarusun Qrodno şəhərindəki “NEMAN” şirkəti ilə müqavilə bağlamağa göndərdim. Lakin sonra hər dəfə ölkədə aksiz markasının olmamasını bəhanə gətirərək mənim sahibkarlıq fəaliyyətimə mane oldular. Məni hətta maliyyə naziri Samir Şərifov da yüksək səviyyədə qəbul etsə də problemim həll olunmadı. Mən məcbur olub Prezident yanında Apelyasiya Şurasina müraciət etdim. Apelyasiya Şurası maliyyə nazirliyinin qanunsuz hərəkəti barədə qərar qəbul edərək mənə aksiz markası verilməsini nazirliyə tapşırdı. Mən yenidən Maliyyə nazirliyində oldum…. Nazirliyin apelyasiya şurasının sədri Azər Bayramov 3 noyabrda qərar verdi ki, “Akşin- N” şirkətinə aksiz markası verilsin, ancaq bir şərtlə ölkəyə aksiz markası daxil olanda. 28 noyabrda nazirliyin əməkdaşı Fikrət Şirinov mənə zəng edərək çağırdı və dedi ki, gözünüz aydın aksiz markası ölkəyə gəlib. Mən Fikrət Şirinovla görüşəndə o mənə dedi ki, sizin bir probleminiz ortaya çıxıb, NEMAN sizinlə müqaviləni ləğv edib. Mən məsələnin nə yerdə olduğunu başa düşdüm. Mən sonra NEMAN şirkətinə müraciət edərək bağladığım müqavilənin qüvvədə qalıb-qalmamasını soruşdum. Şirkətin rəsmi məktubu ilə mənə cavab verildi ki,”Akşin-N”lə bağladığımız müqavilə qüvvədədir. Bax beləcə Maliyyə nazirliyi məni bədbəxt eləyib”.

Bu məqamda müxbir Arifə Əliyeva sahibkardan soruşdu ki, sizə bu əngəlləri yaratmaqla Maliyyə naziriliyi sizə nə qədər maddi ziyan vurub..?

Nisbət Fərhadova bildirdi ki, Maliyyə nazirliyi mənə 1 milyon manat ziyan vurub…

Sonra Zərdabi Mətbuat Mərkəzinin direktor müavini Əsəd Əliyev bildirdi ki, mən inanıram ki, bu məsələdə haqq-ədalət öz yerini tapacaq, bu işdə biz mətbuat işçiləri də axıradək sizə dəstək olacağıq.

Konfransın sonunda sahibkar bidirdi ki, mən prezidentimizə inanıram və qələbə çalacağıma əminəm.
qafqazxeber.az

 
 
 

Paylaş