Son zamanlar bəzi özəl şirkətlər tərəfindən vətəndaşların hüquqlarının pozulması, işçilərin əsassız yerə işdən azad olunması hallarına tez-tez rast gəlinir. Həmin müəssisələrdən, yəni ölkənin əmək qanunvericiliyinə zidd addımlara yol verənlərdən biri də “Nort Vest” tikinti şirkətidir.
Belə ki, Gununsesi.info-ya bir qrup Gəncə şəhər sakini əmək hüquqlarının pozulması ilə bağlı müraciət edib.
Onlar Gəncə şəhərində “Nort Vest” tikinti şirkətində qarşılaşdıqları haqsızlıqlardan ölkə başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya şikayət ediblər.
Adıçəkilən şirkətin hüquqları pozulan 15 əməkdaşının müraciətini Gununsesi.info olduğu kimi təqdim edir:
“Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım!
Ulu Öndərimiz, Ümummilli Liderimiz H.Əliyev deyirdi ki, mən fəxr edirəm ki, azərbaycanlıyam! Biz də həmişə fəxr edirik ki, azərbaycanlıyıq!
Möhtərəm Prezident!
Azərbaycan vətəndaşları olaraq Sizin daxili və xarici siyasətinizi həmişə dəstələyirik.
Bildiririk ki, 2015-ci ildən Gəncə şəhərində Mirəli Qaşqay küçəsində tikinti işləri lahiyəsini həyata keçirən “Nort Vest” tikinti şirkətində fəhlə kimi işə başlamışıq. Vaxtı-vaxtında işimizə gəlib- getmişik. İşlədiyimiz işlərdə heç bir qüsur və nöqsanlara yol verməmişik. Rəhbərliyin göstəriş və tapşırıqlarını layiqincə yerinə yetirmişik. Biz həmin şirkətdə işə götürülən zaman şirkətlə aramızda əmək müqaviləsi tərtib olunmadı. Ancaq buna baxmayaraq, hər dəfə gördüyümüz işlərin əməkhaqqını almışıq.
07 may 2017-ci il tarixdə iş gününün axırında şirkətin rəhbərliyi tərəfindən işçilərdən Namiq Nəcəfov, Ədalət Murquzov, Rəhman Məmmədov, Ramil Cəlilov, Azər Abbasov, Eldar Aydınov, Cəfər Cəfərov, Əhməd Əhmədov, Hüsənbay Əhmədov, Ruhid Əhmədov, Sərxan Camalov, Ümüd Süleymanov, Kamran Süleymanov, Sərdar Boranov və Ceyhun Allahverdiyevə səhər işə gəlməməyi bildirdilər. Bununla bağlı səhəri gün iş icraçısına işdən azad ediləcəyimiz haqda nəyə görə əvvəlcədən məlumatlandırılmamağımızı soruşduq. Həmçinin özümüzə iş yeri tapana kimi şirkətdən bizə kompensasiya verilməsini tələb etdikdə, haqqını tələb edənlərə xoşagəlməz cavablar verildi. Bildirildi ki, sizə heç bir kompensasiya verilə bilməz. Səbəbini isə göstərmədilər. Amma nədənsə bizdən üç ay əvvəl işdən çıxarılan bir qrup işçiyə əvvəlcədən bir aylıq kompensasiya verilmişdi.
Cənab Prezident!
Əgər şirkət tərəfindən işdən çıxarılmağımız barədə bir ay əvvəldən xəbər versəydilər, özümüzə yeni iş yeri axtarıb tapardıq. Çünki 15 işçinin işsiz qalması onların ailəsinin də ac qalması deməkdir. Hər birimizin ailəsi dörd-beş nəfərdən ibarətdir. Yəni şirkətin bizə etdiyi haqsızlıq sayəsində iki yüz nəfərin çörəyi kəsilib.
Cənab Prezident!
Sizin 27.04.2017-ci il tarixli tikintidə işləyən işçilərlə bağlı imzaladığınız mötəbər fərmanları iş icraçısına xatırlatsaq da, vecinə almadı. Sözlərimizə məhəl qoymayaraq kinayə ilə dedi ki, bu barədə hara istəyirsiniz, şikayət edə bilərsiniz.
Möhtərəm Prezident!
Qeyd etdiyim haqsızlıqlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrində öz əksini tapıb.
Azərbaycan Respublikasının hər bir vətəndaşının prezidenti kimi bizə kömək edin. Müraciətimizi nəzərə alıb, hüquqları pozulmuş işçilərin bir aylıq kompensasiyasının verilməsi üçün göstəriş verməyinizi xahiş edirik.
İmza:
Nəcəfov Namiq
Murquzov Ədalət
Məmmədov Rəhman
Cəlillov Ramil
Abbasov Azər
Aydınov Eldar
Cəfərov Cəfər
Əhmədov Əhməd
Əhmədov Hüsənbay
Əhmədov Ruhid
Camalov Sərxan
Süleymanov Ümüd
Süleymanov Kamaran
Boranov Sərdar
Allahverdiyev Ceyhun

Paylaş