Masallı rayonunda fermerlər susuz və məhsulsuz qaldılar
Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı prezident İlham Əliyev dəfələrlə müşavirələr keçirib və Kənd Təssərüfatı Nazirliyinə, rayon icra başçılarına konkret tapşırıqlar verilib. Müəyyən edilib ki, əsasən pambıqçılığın inkişafına nail olunsun. Məhz bundan sonra əksər rayonlarda pambıq əkini prosesinə start verildi. Amma… aydın oldu ki, istər Kənd Təsərüfatı Nazirliyi, istər icra başçıları, istər Azərbaycan Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sadəcə olaraq görüntü xatirinə hansısa addımlar atıblar. Belə ki, qaydaya görə hər üç tərəf öncə torpaqların durumunu nəzərə almalı, suvarmanın keyfiyyətini nəzərə keçirməli və bundan sonra aydınlaşdırmalı idilər ki, burada pambıq əkilə bilinər ya yox. Amma bunların heç biri edilmədi və hazırda demək olar ki, ölkədə əkilmiş pambığın heç 30 faizi məhsul verə bilməyəcək. Çünki əkilmiş ərazilər həm bambıqçılıq üçün uyğun gəlmir, bir çox yerlərdə isə ümumiyyətlə suvarma sistemləri yoxdur. Bu baxımdan ən acınacaqlı durum Masallı rayonundadır.
Rafil Hüseynovun fironluğu və uğursuzluq
“Gündəm Xəbər”ə daxil olan məlumata görə təsərrüfat rayonu kimi ad qazanmış Masallı rayonunda hər zaman kartofçuluq, tərəvəz və maldarlıq yüksək səviyyədə olub və münbit torpaqlardan əldə olunan məhsul hesabına insanların normal yaşayışı olub. Amma bu il hər şey dəyişdi. Rayon icra başçısı Rafil Hüseynov fermerləri, iri torpaq sahələri olan sakinləri bir araya yığaraq qəti şəkildə qərar verib ki, ərazilərdə yalnız pambıq əkilməlidir. Amma fermerlər “Gündəm Xəbər”ə bildiriblər ki, bu ərazilərdə pambıq əkmək ağılsızlıqdır və nəticədə məhsul əldə etmək sadəcə mümkün olmayacaq. İcra başçısı isə etiraz edənləri iqtisadi təxribat yaratmaqda ittiham edərək bildirib ki, pambıq əkməyən fermerlərin əraziləri əllərindən alınacaq. Yeri gəlmişkən bunu da qeyd edək ki, prezident İlham Əliyev müşavirədə bildirmişdi ki, istifadəsiz torpaqlar mütləq yenidən paylanmalı və boş ərazilər qalmamalıdır. Bundan istifadə edən bir çox rayon icra hakimiyyəti başçıları, o cümlədən Rafil Hüseynov insanları şantaj etməklə istədiklərinə nail olurlar. Bu dəfə də belə olub. Torpaq sahələrini itirməkdən qorxan fermerlər məcburiyyət qarşısında pambıq əkməyə razılıq veriblər. Bu gün isə fermerlərin dedikləri təsdiq olunmağa başlayıb. Belə ki, minlərlə hektar ərazilərdə əkilən pambığı suvarmaq sadəcə mümkün deyil. Fermerlərin haqlı iradlarına və suvarma imkanlarının yaradılması tələblərinə isə rayon rəhbərliyində qulaq asan yoxdur. İcra Başçısı Rafil Hüseynovla heç cür görüşmək mümkün olmasa da xəbər göndərib ki, suvarma işi onluq deyil, imkanları varsa Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə müraciət etsinlər. Beləcə fermerlər çıxılmaz duruma düşüblər. Bu yerdə bir haşiyyəyə çıxaq.
HAŞİYYƏ: Sovetlər dövründə Şəkiyə yeni raykom katibi təyin edilir. Raykom katibi Şəkidə taxılçılığın inkişafı üçün aparıcı kolxozlardan birinin sədrini yanına çağırır və taxılın bitməsi mümkün olmayan ərazidə taxılı necə inkişaf etdirməyin yolunu soruşur. Baməzə kolxoz sədri ilə katib arasında belə bir dialoq yaranır:
– Hə, sədr de görüm bu ərazidə taxıl əkib məhsulu əldə etmək üçün nə etmək lazımdır?
– Hörmətli katib, bunun üçün gərək axşam yağış yağa, səhər gün çıxa. Birisi gün yenə axşam yağış yağa, səhəri gün çıxa. Ta o birisi gün axşam yenə yağış yağa…
– Dayan görüm sədr…
– Bax nə vaxt dayandısa onda burdan heç nə çıxmayacaq.
Bu gün Masallıda da fermerlərin ümidi qalıb axşam yağışın yağıb, səhər günün çıxmasına. Çünki vədlər verilsə də nəticə olmayacaq.
Əhməd Əhmədzadənin “pripiskası” ifşa olunur
Ona görə nəticə olmayacaq ki, Masallı rayonunda suvarma sistemi bərbad haldadır və əkilən əraziləri suvarmaya hazır ki, sistemin gücü çatmayacaq. Halbu ki, illərlə Masallı rayonu da başda olmaqla əksər rayonların suvarma sistemi sovetlər dövründən qalmadır və bu sahəyə milyonlar ayrılsada ortada heç bir nəticə yoxdur. Bu gün Əhməd Əhmədzadənin əməlləri nəticəsində ölkə ərazisində torpağın şoranlığı ciddi şəkildə artır və əkin sahələri lil suların artması səbəbindən yararsız torpaq halına düşür. Amma hər il həm dövlət büdcəsindən, həm də beynəlxalq təşkilatlardan milyonlarla dollar dəyərində qrand layihələri ayrılır. Təkcə ötən il 8 rayon üçün layihə müəyyənləşdirilib və bu rayonlardan biri də Masallı rayonudur. Amma vəziyyət göz qabağındadır. Masallı rayon fermerlərinin haqlı tələbinə isə Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Masallı rayon şöbəsinin müdiri Marif Əliyev əlini yelləməklə və bu işdə heç nə edə bilməyəcəyini bildirir. Yeganə çıxış yolu kimi bunu göstərir ki, növbəli şəkildə suvarma işlərini aparsınlar. Kimin bəxti gətirsə növbədə irəli düşər. Əslində Marif Əliyevi qınamaq olmaz. Çünki onun rayondakı və Bakıdakı mülklərinə baxanda Masallı rayonundakı durumun əsl səbəbini bilmək olar. Beləliklə Rafil Hüseynov yüzlərlə ailəni bu il çörəksiz qoya bildi.
KORRUPSİYA.AZ olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!