Universitetlərdə rüşvət yığımı ilə bağlı yoxlamalar başlanır
Adı rüşvətdə ən çox hallanan ali məktəblərdə təftiş daha güclü təşkil olunacaq.

Yay semsetri ilə əlaqədar tələbələrdən pul alan dövlət və ali məktəblərdə araşdırmalar başlanıb. Son illərdə ən çox adı rüşvətdə keçən Bakı Avrasiya, Bakı Biznes universitetləri olub.

Eyni zamanda Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiyalar universiteti də semestr qabağı rüşvət toplamaqla medianın gündəminə gəlib.

Artıq Azərbaycan təhsil naziri Mikayıl Cabbarov 2016/2017-ci tədris ilində “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmr imzalayıb.

Əmr ali və orta ixtisas təhsili müəssisələrində 2016/2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə imzalanıb.

Əmrlə ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etsinlər, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər.

Əmrdə o da nəzərə çatdırılıb ki, müəssisə rəhbərləri rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar.

Bu universitetlərin fəaliyyəti, gördüyü işlər, kadr yetişdirməsi potensialı olduqca aşağı səviyyədədir. Son illərdə bu təhsil müəssisələrin hər hansı müsbət fəaliyyəti də nəzərə çarpmayıb.

Diplom istehsal edən və ölkəyə minlərlə diplomlu tələbə verən bu məktəblərin fəaliyyətinə xitam verilməsi kifayət qədər real görünür.

Yuxarı dairələrdə və Təhsil Nazirliyində gedən müzakirələrdə də adıçəkilən ali təhsil ocaqlarının ləğvi təklif edilir.

Prezident İlham Əliyev 2017-ci ilin dərin iqtisadi islahatlar ili olacağı anonsunu verib. Ölkə başçısının bu anonsu cəmiyyət arasında böyük gözləntilərlə müşayiət olunur.

Bu günlərdə fəaliyyəti dayandırılmış “Təfəkkür” və “Qafqaz” universitetinin ardınca prosesin daha irimiqyaslı xarakter alacağı gözlənilir.

Əldə etdiyimiz xəbərlərə görə, “Bakı Kooperasiya”, “Odlar Yurdu”, “Bakı Biznes Universiteti”, “Bakı Avrasiya” universitetlərinin lisenziyası ləğv oluna bilər.

Adıçəkilən təhsil oxcaqlarından tez-tez Təhsil Nazirliyinə, Prezident Administrasiyasına, habelə mətbuata şikayətlər daxil olur. Bu ali məktəblər “bazar store” kimi fəaliyyət göstərir. Onların rüşvəti və təhsil səviyyəsi qoşa addımlayır. ulus.az

Paylaş